Eldar Namazovdan geri addım: “El” Cəmil Həsənlini dəstəkləyəcək

"Cəmil Həsənli ziyalıdır, Əbülfəz Elçibəyin şagirdlərindən biridir. Cəmil müəllimin həm ziyalılar, həm də hərəkatçılar arasında hörməti var. Bu gün yalnız Cəmil müəllim hamını birləşdirə bilər".

Bunu AzNews.az-a "El" Hərəkatının üzvü və Milli Şuradakı təmsilçisi Köçəri Nağıbəyli deyib. Onun sözlərinə görə, "El" Hərəkatı heç vaxt Milli Şuranın vahid namizəd seçməsinin əleyhinə olmayıb: "Əgər kimsə Milli Şuranın dağılmasına rəvac verərsə, ona birinci bir qarşı çıxacağıq. Biz heç vaxt ehtiyat namizəd məsələsinin əleyhinə olmamışıq".

K.Nağıbəyli bildirib ki, "El" Hərəkatı Mili Şuranın qərarlarına hər zaman hörmətlə yanaşıb: "Mili Şurada bu gün hansı qərar qəbul olunsa, biz də ona dəstək verəcəyik. Milli Şurada və ondan kənarda prezidentliyə namizəd ola biləcək ləyaqətli şəxslər çoxdur. Ancaq biz istərdik ki, Cəmil müəllim də Rüstəm bəy kimi yekdilliklə Milli Şuranın vahid namizədi seçilsin".

"EL" rəsmisinin sözlərinə görə, hərəkat üzvlərinin Cəmil müəllimə böyük hörməti var və ona səs verərlər.

AzNews.az
Bahar Rüstəmli