“Əli Kərimli niyə bəyanat vermir?” “Əli Kərimli niyə bəyanat vermir?”

Eldar Namazovun Milli Şuradakı davası

“Əli Kərimli niyə bəyanat vermir?”

Son günlər "El" Hərəkatı ilə Milli Şura rəhbərliyi arasında ciddi gərginliyin olduğu artıq təsdiqlənmiş faktdır. Bu barədə Hərəkat üzvləri özləri də mətbuata açıqlamalar veriblər. Hətta "El"in sədr müavini Köçəri Nağıbəyli MŞ üzvü olduğu halda, qurumun vahid namizədi Cəmil Həsənlini yox, "ReAl" sədri İlqar Məmmədovu dəstəkləməklə bağlı çağırış edib.

Müsavat Partiyasının qərargahında "El" sədri Eldar Namazovla İsa Qəmbər, Cəmil Həsənli və Arif Hacılı arasında görüş keçirilsə də, hələ də iki qurum arasındakı narazılıq aradan qaldırılmayıb.

Məsələnin kökündə yatan əsl səbəbin nə olduğu ilə bağlı "El" Hərəkatındakı mənbələrdən AzNews.az-a daxil olub. Mənbə bildirir ki, bütün bu narazılıqların kökündə yatan ən əsas səbəb Azərbaycan Xalq Cəbhəsi Partiyasının "El" Hərəkatı sədrinin və üzvlərinin Baş Prokurorluğa çağırılması ilə bağlı məsələ barədə bu günə qədər heç bir bəyanat verməməsidir. Məlumata görə, Eldar Namazov prokurorluğa çağırıldığı ilk gün AXCP-dən də bəyanat gözləsə də, partiya bu məsələdə susqunluq nümayiş etdirib. Sonrakı günlərdə isə Müsavat, Milli Şura və Cəmil Həsənli adından ayrı-ayrı müdafiə xarakterli bəyanatlar verilsə də, AXCP "El" Hərəkatı ilə bağlı yaşananlara sona qədər susqun qaldı.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı AzNews.az-a açıqlamasında bildirib ki, partiya "El" Hərəkatına qarşı baş verənlərlə bağlı mövqeyini Milli Şura vasitəsiylə açıqlayıb: "Hesab edirəm ki, bu məsələ öz əhəmiyyətini itirib. Bu vaxtı keçmiş mərhələdir. "El" Hərəkatı son açıqlamalarında Milli Şuranın fəaliyyətinin bundan sonrakı dönəmində fəal iştirak edəcəklərini bildirib. AXCP bu məsələdə Milli Şura vasitəsiylə mövqeyini ifadə edib. Onların partiyadan dəstək ummaları mövqeyi ilə də tanış deyiləm. AXCP-yə gəldikdə, partiya "El" hərəkatına qarşı olan təzyiqlərin pislənməsində həm təklif verib, həm də bu məsələni dəstəkləyib. Ona görə də Xalq Cəbhəsinin "El"ə etinasız münasibətindən danışmaq düzgün deyil. Biz partiya olaraq, mövqeyimizi Milli Şura vasitəsiyə bildirmişik".

AXCP-dəki mənbələrimiz isə AzNews.az-a bu barədə fərqli məlumat veriblər. Belə ki, iddiaya görə, AXCP-nin "El"i müdafiə edən bəyanatla çıxış etməməsinin xüsusi səbəbi var. Bunu sadəcə partiyanın sədri Əli Kərimli istəməyib. Buna səbəb isə Ə.Kərimlinin "El" Ali Məclis sədrinin sabiq müavini Əflan İbrahimovun onunla bağlı səsləndirdiyi fikirlərdir. Qeyd edək ki, Ə.İbrahimbov "El"dən ayrıldıqdan sonra Ə.Kərimlinin üzərinə hücuma keçib. Müsahibələrinə Ə.Kərimlini seçkidən sonra Bakıda iğtişaş törətməyə hazırlaşmaqda ittiham edən, onu hətta təhqir səviyyəsində ittihamlara məruz qoyan sabiq "El"çi AXCP sədri ilə bağlı Baş Prokurorluğa da müraciət etmişdi.

Məlumata görə, AXCP-nin "El" Hərəkatı ilə bağlı bəyanat verməməsinin kökündə də məhz bu səbəb yatır. Ə.Kərimli onu ağır ittihamlara məruz qoyan sabiq "El" üzvünə görə "El"in dar vəziyyətində bu quruma dəstək olmaqdan uzaq durub.

Elvin
AzNews.az