Eldar Namazov Milli Şuranın London görüşlərindən danışdı - VİDEO

Milli Şuranın (MŞ) Londona səfər edən nümayəndələri – MŞ-in prezidentliyə vahid namizədi Cəmil Həsənli və İcra Aparatının rəhbəri Eldar Namazov Böyük Britaniyanın bir neçə qeyri-hökumət qurumlarının təmsilçiləri, insan haqları müdafiəçiləri, Böyük Britaniya parlamentinin üzvləri, Londondkı Azərbcan diasporunun üzvləri ilə görüşüb. Görüş Azad Söz Mərkəzində və Böyük Britaniyanın xarici işlər üzrə Kral İnstitutunda baş tutub. Cəmil Həsənli və Eldar Namazov Azərbaycandakı siyasi durum, seçki öncəsi vəziyyət, eləcə də Milli Şuranın məramları ilə bağlı Böyük Britaniya təmsilçilərinə məlumat veriblər.

"Beynəlxaq təşkilatların nümayəndələri ilə, dünya mediasnın təmsilçiləri ilə görüşdük. Milli Şuranın vahid namizədinin mövqeyi onlara çatdırıldı. Eyni zamanda, Böyük Britaniyanın xarici işlər nazirliyndə görüş keçirik. Bu görüşdə Böyük Britaniyanın xarici işlər nazirliyini 6 nəfər təmsil edirdi. Ətraflı müzakirələrimiz oldu",- deyə Milli Şura İcra Aparatının rəhbəri Eldar Namazov bildirib.

Londondakı görüşdə Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun da iştirakı gözlənilsə də, o bu müzakirələrə qatılmaqdan imtina edib. Rüstəm İbrahimbəyov Milli Şura üzvlərinin Britaniya paytaxtına səfərini özü təşkil etdiyini də demişdi. Lakin Rüstəm İbrahimbəov mətbuata açıqlamasında bildirib ki, Londona səfər etməkdən daha vacib işləri olduğu üçün bu görüşlərə qatılmayıb.

Hakim Yeni Azərbaycan Partiyasının isə Milli Şura namizədinin keçirdiyi bu tip görüşlərə münasibəti birmənalıdır. YAP-ın icra katibinin müavini Mübariz Qurbanlının sözlərinə görə, Milli Şura namizədinin kiminlə görüşməsindən asılı olmayaraq, bu seçicilərə o qədər də təsir etmyəcək və bu tipli görüşlərin ictimai-siyasi əhəmiyyəti yoxdur.

"Bütövlükdə, Böyük Britaniya siyasətini yönəldən adamlar Milli Şuranın namizədi ilə görüşməyib. Mən bilən, belə bir görüş nəzərdə də tutulmayıb. Ona görə də bu görüş ətrafında hay-küy nəlbəkidə fırtınaya bənzəyir. Bu tip görüşləri böyük səviyyəli görüş kimi təqdim etmək istənilən istənilən nəticəni verə bilməyəcək. O görüşdə və fotolarda mən Milli Şuranın vahid naimzədindən və 3-4 adamdan başqa heç kimi görmədim",- deyə YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı bildirib.

Mübariz Qurbanlı bildirir ki, prezidentliyə namizədin kiminlə və harada görüşməsindən asılı olmayaraq, Azərbaycanda seçkinin taleyini xalq müəyyən edəcək.