- Müşahidə məntəqəsi
- 21:45
- 1 159
“Sosial media manipulyasiyası deformasiyaya uğramış davranış modelləri yaradır” – Naib Niftəliyev
"Müasir cəmiyyətdə insanların davranışı müəyyən mənada ikili xarakter daşıyır. Bu ikili yanaşma isə formalaşmış sosial standartlar və davranış modelləri ilə bağlıdır. Təəssüf ki, bu gün insanlar çox vaxt real ehtiyaclarını və həqiqi vəziyyətlərini deyil, özlərini necə görmək və göstərmək istədiklərini ön plana çıxarırlar. Artıq cəmiyyət daha çox görüntüyə, təqdimata və reklama yönəlir. Sosial şəbəkələrdə yaradılan obrazlar isə əksər hallarda reallığı deyil, məqsədli şəkildə formalaşdırılmış bir təqdimat modelini əks etdirir. İnsanların real sosial statusu ilə təqdim etdikləri status arasında ciddi fərq yaranır. Hər kəs olduğundan daha uğurlu, daha xoşbəxt və daha imkanlı görünməyə çalışır. Bəzi insanlar hesab edir ki, təqdimat o qədər də vacib deyil və əgər insan uğurludursa, cəmiyyət onsuz da onu qəbul edəcək".
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.
Qeyd edək ki, rəqəmsal dövrün təsiri ilə insanların həyat tərzi və düşüncə forması əvvəlki dövrlərlə müqayisədə xeyli dəyişib. Artıq bir çox insan üçün vacib olan məsələ yalnız ehtiyacları qarşılamaq deyil, eyni zamanda cəmiyyət qarşısında müəyyən obraz yaratmaqdır. Sosial mediada formalaşan “mükəmməl həyat” təsviri isə reallıqla virtual görüntü arasındakı fərqi daha da artırır. Nəticədə insanlar özlərini olduğundan fərqli göstərməyə meyllənir, bu isə həm şəxsi həyatlarına, həm də ictimai münasibətlərə təsir edir.
Sosioloq bildirib ki, bu yanaşma əsasən klassik və ənənəvi cəmiyyətlər üçün xarakterik hesab olunur.
"Müasir dövrdə isə özünü daha yaxşı təqdim edən, sosial şəbəkələrdə diqqət və tərəfdar toplaya bilən insanlar daha çox ön plana çıxır və uğur qazanırlar. Bunun əsas səbəblərindən biri texnologiyanın insan həyatına təsirinin artmasıdır. İnsanlar texnologiyadan daha çox istehlakçı kimi istifadə edir və sosial medianın yaratdığı görüntü effektlərinə maraq göstərirlər. Müxtəlif tətbiqlər, filtrlər və vizual imkanlar insanlara özlərini fərqli formada təqdim etməyə şərait yaradır. Bu isə xüsusilə gənc və orta nəsil üçün cəlbedici görünür. Nəticədə insanlar zamanla illüziyanı reallıq kimi qəbul etməyə başlayırlar. Bu vəziyyət sosial davranışın müəyyən mənada deformasiyasına səbəb olur. İnsan artıq real vəziyyətini qəbul etməkdə, özünü olduğu kimi qiymətləndirməkdə çətinlik çəkir. Bu da texnologiyanın insan üzərində təsir gücünü göstərir. Ağıllı telefonlar, sosial media platformaları və rəqəmsal texnologiyalar insanı reallıqdan uzaqlaşdıraraq müəyyən illüziyaların içərisinə yönəldə bilir. Fərqli olmaq və fərqli görünmək istəyi təbii qarşılanmalıdır. Lakin fərqli görünmək üçün insanın real keyfiyyətləri, bilik və bacarıqları da olmalıdır. İnsan əvvəlcə həmin dəyişiklikləri öz həyatında yaşamalı, inkişaf etdirməli, daha sonra cəmiyyətə təqdim etməlidir. Ancaq bu gün əks tendensiya müşahidə olunur. Daha çox manipulyasiya, görüntü effekti və diqqət çəkməyə hesablanmış davranışlar üstünlük təşkil edir. Xüsusilə sosial şəbəkə fenomenləri arasında bu yanaşma geniş yayılıb. Bu davranış forması hər zaman reallığı əks etdirməsə də, artıq müasir dövrün sosial gerçəkliyinə çevrilib. "İllüziyalı həyat” anlayışı cəmiyyət üçün mürəkkəb və riskli sosial davranış modelidir. Bununla belə, mövcud reallıq onu göstərir ki, bu tendensiya gündəlik həyatın bir hissəsinə çevrilməkdədir. Ona görə də insanları yenidən real həyata, real fəaliyyətə və real uğur modelinə yönəltmək vacibdir. Cəmiyyətdə görüntüdən çox bilik, bacarıq, əmək və real inkişaf nümunələrinin təşviq olunması daha sağlam sosial mühitin formalaşmasına kömək edə bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az