“Milli Şuradakı müxalifətçilər uydurma iddialarla çıxış edirlər“- Siyavuş Novruzov

Azərbaycan cəmiyyəti korrupsiya, rüşvətxorluq və digər neqativ hallarla mübarizənin gücləndirildiyini, artıq ortada ciddi nəticələr olduğunu görür, bunu təqdir edir və dağıdıcı müxalifətin iddialarını rədd edir.


Bunu Trend-ə açıqlamasında OECD-nin (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsi çərçivəsində Azərbaycana dair qəbul edilmiş hesabatla bağlı mövqeyini bildirən Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycan dövləti, Prezidenti və hökuməti korrupsiya qarşı ciddi şəkildə mübarizə aparır. Bu isə beynəlxalq təşkilatların diqqətindən kənarda qala bilməzdi:

"Korrupsiya iqtisadi bir bəladır. Dövlətindən, millətindən asılı olmayaraq, bu bir xəstəlikdir və ona qarşı mübarizə aparılır. Azərbaycanda isə bu çox yüksək səviyyədə edilir. Azərbaycanda Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya var. Həmin komissiyaya QHT, parlament, hökumət və digər sahələrin nümayəndələri daxildir. O cümlədən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi fəaliyyət göstərir və hətta ona bütün cinayət-axtarış və istintaq səlahiyyətləri verilib. Halbuki heç bir ölkədə belə bir dövlət strukturu yoxdur. Yəni bu da korrupsiyanın azaldılmasına qarşı mübarizənin göstəricisidir. Biz artıq nə qədər insanın korrupsiya ilə əlaqədar məsuliyyətə cəlb olunduğunun şahidiyik. Bununla bağlı hökumət tərəfindən həm siyasi iradə, həm də atılan addımlar, korrpusiyanın azaldılması və aradan qaldırılması üçün görülən işlər var. Ona görə də Azərbaycan hökumətinin korrupsiyaya qarşı apardığı mübarizə beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir".

YAP sözçüsü onu da əlavə edib ki, ölkədə korrupsiya əleyhinə görülən bu müsbət işləri görə bilməyən müxalif qüvvələr də var. Xüsusən də Milli Şurada təmsil olunan müxalifətçilər uydurma iddialarla çıxış edirlər:

"Yalnız dağıdıcı müxalifət, onun formalaşdırdığı Milli Şura adlanan qurum tam inkarçılıq mövqeyi tutaraq bunun əksini iddia etməyə çalışır. "Milli Şurada təmsil olunan müxalifət özünün siyasi iddialarına uyğun olaraq hakimiyyəti qaralamaq üçün nə uydurmaq mümkündürsə, onu da dilinə gətirir, hansı qaranlıq mənbəyə istinad etmək mümkündürsə, ora da baş vurur. Ona görə də korrupsiya ilə bağlı fantastik rəqəmlər səsləndirir, heç kimin tanımadığı mənbələrin qondarma "araşdırmaları"nı əlində bayraq edir".

Qeyd edək ki, 2013-cü il sentyabrın 23-25-də Paris şəhərində OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində 2010-2013-cü illərdə həyata keçirilmiş tədbirləri dəyərləndirən hesabat qəbul edilib. Hesabatda Azərbaycanda korrupsiyaya qarış mübarizə sahəsində həyata keçirilən siyasət ümumən təqdirəlayiq hesab edilib və bu sahədə əldə edilmiş nailiyyətlər vurgulanıb. Dəyərləndirmə Azərbaycanda antikorrupsiya siyasəti, antikorrupsiya qanunvericiliyi və korrupsiyanın qarşısının alınması istiqamətləri üzrə həyata keçirilib.

AzNews.az