“Bu işin öhdəsindən yalnız İbrahimbəyov gəlir” – Eldəniz Quliyev

"Siyasətdə bir az dərinliyi və önü görmək əsas şərtlərdən biridir".


Bunu AzNews.az-a "El" Hərəkatının Ali Məclisinin sədri, Demokratik Qüvvələrin Milli Şurasının üzvü Eldəniz Quliyev Azərbaycan Millətçi Demokrat Partiyasının (AMDP) sədri Qələndər Muxtarlının Rüstəm İbrahimbəyovun Milli Şuranın sədrliyindən çıxması haqda açıqlamasına cavab olaraq deyib.

E. Quliyev bildirib ki, Rüstəm İbrahimbəyovun beynəlxalq təşkilatlarla iş birliyi onun sədr kimi qalmasında əsas şərtdir: "Bu Qələndər Muxtarlının fikridir. Hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdır. Hesab edirəm ki, əksəriyyət Milli Şurada həmsədrlik institutunun yaranması təklifi ilə razıdır".

Cəmil Həsənlini siyasətçi kimi təqdir etdiyini də deyən E. Quliyev bildirib ki, Milli Şuranın beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində R. İbrahimbəyovun xüsusi yeri var: "Bunun üçün beynəlxalq təşkilatlarla əlaqəsi olan şəxs lazımdır. Bu işin də öhdəsindən yalnız Rüstəm İbrahimbəyov gəlir".

Qeyd edək ki, AMDP sədri Qələndər Muxtarlı Rüstəm İbrahimbəyovun Milli Şuranın sədri postundan uzaqlaşdırılmasını, Cəmil Həsənlinin isə sədri olmasını təklif edib.

Bahar Rüstəmli
AzNews.az