Milli Şura yaxın günlərdə buraxıla bilər – İbrahimbəyov problemə çevrildi

Son günlər Milli Şura daxilində gərginlik daha da artıb.

Gərginliyin artmasına səbəb isə qurumun sonuncu dəfə keçirilən fövqəladə toplantısında Müsavatın bir sıra tələbləri olub. Partiya Rüstəm İbrahimbəyovun Milli Şura sədrlikdən uzaqlaşdırılması və professor Cəmil Həsənlinin bu posta gətirilməsini qəti şəkildə tələb edib. Bu isə bir sıra şəxslərin narazılığına səbəb olub.

AzNews.az-a daxil olan məlumata görə, narazılıq o həddədir ki, hətta Milli Şuranın yaxın günlərdə dağılması ehtimalı yaranıb: "Çünki Müsavat Partiyası Milli Şura ilə bağlı mühüm şərtlər irəli sürüb. Belə ki partiya R.İbrahimbəyovun sədrlikdən getməsini və Milli Şuranın funksional əməkdaşlıq təşkilatına çevrilməsi təklifi ilə çıxış edib. Müsavat Partiyasının bu təklifi isə Milli Şuraya daxil olan qurumların, o cümlədən, partiya və hərəkat rəhbərlərinin narazılığına səbəb olub" – mənbə belə deyir. Qeyd edilir ki, əgər Müsavat Partiyasının bu təklifi qəbul edilməzsə, adıçəkilən qurumun yolu müttəfiqlərilə ayrıla bilər.

Mənbə bildirir ki, Müsavat partiyasının bu təklifinə ilk etiraz Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənlidən gəlib. O, həmsədrli institutunun gələcək fəaliyyəti üçün önəmil olduğunu əsaslandırmağa çalışıb.

Məsələ ilə bağlı fikrini öyrəndiyimiz Müsavat partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı AzNews.az-a açıqlamasında həmsədrlik institutu təklifini təqdir etmədiyini bildirib. Onun fikrincə, bu məsələdə bütün tərəflərin mövqeləri aydındır: "Vaxtilə təklif etmişdik ki, Rüstəm İbrahimbəyov, Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlin qurumun həmsədrləri olsunlar. Bu təklif partiyalarda da müsbət qarşılanmışdı. Ancaq sonradan ilk olaraq məhz Rüstəm İbrahimbəyov buna qarşı çıxdı və qurumun tək sədri olmasını istədi. O dedi ki, Milli Şuranın tək sədri olması daha düzgündür"

AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı isə AzNews.az-a açıqlamasında hazırda Rüstəm İbrahimov tərəfindən irəli sürülən həmsədrlik institutunun yaranması ideyası ətrafında müzakirələrin getdiyini bildirdi: "Mən sonuncu iclasda iştirak etmədiyim üçün oradakı müzakirələrdən dəqiq xəbərim yoxdur. Müsavatın israrlarına gəlincə isə, deyə bilərəm ki, partiya funksionerləri mətbuata verdiyi açıqlamalarda hələ ki, partiyada müzakirə olunduğunu və məsələ ilə bağlı hər hansı yekun qərarın olmadığını bildirirlər. Belə bir qərarın olmadığına görə, Müsavatın mövqeyinin də nədən ibarət olmasını demək çətindir. Ən yaxşısı müzakirələrin gedişatını gözləməkdir. Bu baxımdan Rüstəm İbrahimbəyovun sədrlikdən getməsi ilə bağlı bizə hər hansı təklif təqdim olunmayıb. Hələ ki məsələ müzakirə olunur".

Elvin
AzNews.az