Mirmahmud Mirəlioğlu: “Kaş, Müsavat Milli Şuradan çıxardı”

"Milli Şura yaradılanda belə razılığa gəlindi ki, dünən baş verənlər kimi hadisələr bir kənara qoyulur və məsələlərə obyektiv baxılır. Təəssüf ki, bəziləri ancaq firqə mənafeyindən və əski xarakterlərindən çıxış etməli oldular. Nəticədə də Milli Şuranın dünənki sessiyasında bu ittihamlar səsləndi və proses bu həddə çatdı".

Bunu AzNews.az-a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. Müsavat Partiyasının R. İbrahimbəyovla bağlı mövqeyinə şərh verən M. Mirəlioğlu bildirib ki, sonuncu sessiyada iştirak etməsə də, baş verənlərdən tam məlumatlıdır:

"Burada məsələ yalnız Milli Şura ilə bağlı deyil. Əvvəlcə onu xatırladım ki, seçkidən əvvəl Milli Şuranın həm sədrliyinə, həm prezidentliyinə namizədi Rüstəm İbrahimbəyov idi. Onun namizədliyi də Müsavat Partiyası tərəfindən irəli sürülmüşdü. O zaman Rüstəm İbrahimbəyovun ifrat müdafiəsi də var idi. Daha əvvəl keçirilən sessiyalardan birində müzakirələr zamanı Rüstəm bəyin ünvanına o qədər tərifli sözlər növbəyə düzüldü ki... İndidə ona qarşı kampaniya başlayıb.

Qəribədir ki, burada da bir ifratçılıq – yarış var. Bu da Azərbaycanda dəyərlərə münasibət məsələsidir. Əslində isə Müsavat Partiyasında bu gün tamam başqa məsələ müzakirə olunmalıdır. Daxili məsələni həll edə bilməyənlər, Milli Şuradan problemlərin tez bir zamanda həllini tələb edirlər. Məncə, daxili vəziyyətə diqqəti yayındırmaq, nəyinsə üstünü örtmək düzgün deyil.

Hər kəs öz yalanlarını 10-12 ildir o qədər deyib ki, özləri də inanmağa başlayıblar. Elə bilirlər ki, bunların danışdıqları doğrudur. Axı, bütün bunların hamısı kökündən yalandır. Digər tərəfdən isə bu hər kəsin şəxsi işidir. Özləri bilər. Kim nə edirsə, özünə edir. Bu siyasətdə də belədir".

KXCP sədri "Müsavat Partiyası Milli Şuranı tərk edə bilərmi və bu addım şuranın dağılması deməkdirmi" sualını isə belə cavablandırıb: "Əgər belə fikrə düşüblərsə və kaş bu olaydı. Funksionerlərə də təşəkkür edirəm. Keşkə, Müsavat Milli Şuradan çıxaydı. Bundan sonra proseslərdə durulma və açıq mənzərə yaranardı. Çox yaxşı olardı ki, bunu sözdə yox, əməldə edəydilər".

Məhəmməd
AzNews.az