Müsavatdan AXCP-yə sərt ittiham


"Nəhayət, Rüstəm İbrahimbəyov başa düşüb ki, sizlər onun fəxri sədrliyə namizədliyini verməklə onun xidmətlərini deyil, özünüzün siyasi dividentinizi fikirləşmisiniz. Məhz buna görə də Rüstəm İbrahimbəyov istefa verib".


AzNews.az-ın məlumatına görə, bu açıqlamanı Müsavat Partiyasının Divan üzvü İkram İsrafil AXCP –dən təmsil olunduğu partiyaya yönələn tənqidlərə cavab olaraq "facebook" profilində yazıb.

AXCP funksionerlərinin R. İbrahimbəyovun istefası ilə bağlı açıqlamalarında Müsavat Partiyasını ittiham etmələrinə diqqəti yönəldən İ. İsrafil Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının fikirlərinə şərh verib.

Müsavat fəalı bildirib ki, AXCP nümayəndəsi Fuad Qəhrəmanlı fikirləri ilə əsl niyyətlərini açıqlayıb: "Fuad Qəhrəmanlı deyir ki, Əli Kərimli Rüstəm müəllimi fəxri sədrliyə təklif etməklə məqsədi ölkə ziyalılarının demokratik proseslərdəki iştirakına dəstək vermək olub. O özü etiraf edir ki, məqsədləri Rüstəm müəllimin xidmətlərini qiymətləndirmək yox, yaranmış vəziyyətdə Rüstəm müəllimin adından istifadə etməklə siyasi divident qazanmaq olub.

Bundan başqa Müsavat Partiyası adından heç kəs hec bir zaman "Rüstəm İbrahimbəyov fəxri sədrlikdən istefa verməlidir" fikrini səsləndirməyib. Müsavat Partiyasının belə bir dərdi də yoxdur".
O qeyd edib ki, Müsavat Partiyası bəhanə axtaranlara imkan verməmək ücün öz maraqlarından imtina edib: "Hesab edirəm ki, artıq Müsavat Partiyası bundan sonrakı fəaliyyətini illərlə sınaqdan cıxmış həqiqi, səmimi, demokratiya ugrunda mübarizə aparan qüvvələrlə birlikdə davam etdirməlidir.

Qeyd edək ki, Fuad Qəhramanlı R.İbrahimbəyovun istefası ilə bağlı müraciətindən sonra Müsavat Partiyasını kəskin tənqid edib.
F.Qəhrəmanlı R.İbrahimbəyovun istefaya vadar edildiyini vurğulayıb.

AzNews.az