“Müsavat heç nəyə nail ola bilməyəcək” – Siyavuş Novruzov


"Artıq ənənəvi müxalifətin bir hissəsi olan təşkilatlar nə Azərbaycanda, nə də beynəlxalq aləm üçün maraqlı deyil. Ona görə də onların seçkilərə hansısa birliklə getməsi heç bir məzmun kəsb etmir".


Bunu AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Müsavat Partiyasının müttəfiqləri ilə birgə fəaliyyətə dair danışıqlara başlaması xəbərinə münasibət bildirərkən deyib.

S. Novruzov qeyd edib ki, hazırkı müxalifətin formalaşdırdığı birliklər cəmiyyət dəstəyini qazanmadığından, tez bir zamanda tarixin arxivinə gedir:

"Bunun bariz nümunəsi kimi son prezident seçkilərində bəzi müxalifət təşkilatlarının yaratdığı Milli Şuranı göstərmək olar. Hətta onlar özləri də sonradan etiraf etdilər ki, Mərkəzi Seçki Komissiyasının seçkinin nəticələrinə dair elan etdiyi rəqəmlər reallığı əks etdirir. Müsavatın sədri İsa Qəmbər də bunu təsdiqlədi".

S. Novruzovun fikrincə, bu qurumlar cəmiyyətdə onlara inamın olmadığını bilirlər:

"Ayrı-ayrı dövlətlərin müvafiq təşkilatları tərəfindən Milli Şuraya himayədarlıq edilməsinə baxmayaraq, bunun da effektini görmədilər".

YAP funksioneri əlavə edib ki, Müsavatın təşəbbüsü ilə bundan sonra da yarana biləcək hansısa birliyi perspektiv gözləmir:

"Çünki onlar hamısı eyni adamlardır. Bunlar heç nə ilə əlavə qüvvə, nüfuz, hörmət və dəstək qazanmayacaqlar. Həmin təşkilatların tərkibində ciddi şəkildə islahatlar getməlidir. Orda təmsil olunan partiya rəhbərliyi tamamilə buraxılmalıdır. Yeni insanlardan quruma rəhbərlər gətirsələr təşkilatlarının xilas edilməsi şansı artar. Müsavat Partiyası hazırkı idarəçiliyi ilə heç nəyə nail ola bilməyəcək".

Amid
AzNews.az