Ramiz Mehdiyev: “Morninqstar unutmamalıdır ki...“

Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev AzərTAc dövlət agentliyinə müsahibə verib.
R.Mehdiyev bildirib ki, o, səfir Morninqstarın mövqeyi ilə bağlı öz münasibətini açıqlayan hər kəsə minnətdarlığını bildirir: "Bu, bizim insanların həqiqi vətəndaş mövqeyidir".

R. Mehdiyev qeyd edib ki, ABŞ səfirinin müsahibəsi təəccüb doğurur: "ABŞ səfirinin bu müsahibəsi dünyada və postsovet məkanda daha çox Qərbin ucbatından gərginləşən geosiyasi proseslər fonunda ən azı təəccüb doğurur. Onu bu müsahibəni verməyə və diplomatik etiketə uyğun olmayan fikirlər səsləndirməyə vadar edən motiv və səbəblərin nə olduğunu deməyə çətinlik çəkirəm. Bu, ölkənin daxili işlərinə açıq, birbaşa, kobud müdaxilədir və buna haqq qazandırmaq mümkün deyil. Bu həm də Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına görə yolverilməzdir".

R. Mehdiyev bildirib ki, səfirin müsahibədəki tonunda əmr və fikirlərini müstəqil dövlətə qəbul etdirmək cəhdi var: "Səfir Morninqstar unutmamalıdır ki, Azərbaycan kiminsə müstəmləkəsi yox, özünü tam təmin edən dövlətdir"


PA rəhbəri vurğulayıb ki, Morninqstar, ABŞ səfiri kimi, olduğu ölkənin suverenliyinə hörmətlə yanaşmağa borcludur: " Yeri gəlmişkən, bu, bəzi Qərb dövlətlərin səfirlərinə də aiddir. Hansılar ki, Amerika səfirinin hərəkətlərinə uyğun olaraq hərəkət etməyə çalışırlar. Biz Azərbaycana qarşı hörmətsiz münasibətə dözmək niyyətində deyilik".


R. Mehdiyev xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan dövlətinə və xalqına saymazyana, hörmətsiz münasibətə dözmək niyyətində olmadığını dəfələrlə vurğulayıb: "Düşünürəm ki, amerikalı həmkarlarımız dövlətimizin rəhbərliyinin mövqeyi barədə məlumatlıdırlar. Əgər ABŞ səfiri heç nəyə məhəl qoymayaraq, Azərbaycanla bağlı bu cür kobud rəftara yol verirsə, deməli, onun statusu ilə bağlı ciddi problemləri var. Təəssüf ki, səfir Morninqstarın yolverilməz formada ölkənin daxili işlərinə qarışıb, diktə etmək səyləri ilk dəfə müşahidə olunmur. Bu, onun diplomat kimi peşəkarlığını böyük sual altına qoyur".