“Arif Hacılı ilə aramda belə bir konflikt olmayıb və əsla da ola bilməz”. “Arif Hacılı ilə aramda belə bir konflikt olmayıb və əsla da ola bilməz”.

Qubad İbadoğlu Arif Hacılı ilə “dava”sından danışdı – Açıqlma

“Arif Hacılı ilə aramda belə bir konflikt olmayıb və əsla da ola bilməz”.

Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyasının Divan üzvü Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, mətbuatda avqustun 18-də Müsavatın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclasında baş verənlər və barəsində yazılanlar həqiqəti əks etdirmir: "Bu yazılanların heç biri həqiqətə uyğun deyil. Sadəcə, bəzi insanlar belə xəbərləri məqsədli şəkildə özlərindən uydurublar. İclas keçirilib və normal şəkildə də davam edib".

Q. İbadoğlu iclasda Müsavat Partiyasının başqanı İsa Qəmbərin "Qurani-Kərim"ə and içməsi barədə yayılan xəbərə də aydınlıq gətirib: "Ümumiyyətlə, ortada Quran olmayıb. Mən nə Quran görmüşəm, nə də İsa bəyin ona and içməsini... Bu uydurma və şərdir. Məqsədli şəkildə həm partiyanın funksionerlərini gözdən salırlar, həm də qurultaya kölgə salırlar".

Qeyd edək ki, avqustun 18-də Müsavatın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclası keçirilib. "Bizim Yol"un yaydığı məlumata görə, iclasda başqanlığa potensial namizədlər Arif Hacılı və Qubad İbadoğlu arasında qalmaqal yaşanıb: "Arif Hacılı Qubad İbadoğlunun üzərinə hücum edib. Lakin ətrafdakılar əlbəyaxa davanın qarşısını alıblar. Bundan əlavə iclasda Vurğun Əyyub isə İsa Qəmbəri partiyanı dağıtmaqda ittiham edib. Buna cavabında İsa Qəmbər funksionerləri partiyadan getməyəcəklərinə söz vermələrinə dair razı salmaq üçün "Quran"a and içməyə çağırıb".

Bahar Rüstəmli
AzNews.az