İlham Əliyev Horadizdə

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Horadizdə işğal zamanı dağıdılmış 227 evin və çoxmənzilli 3 binanın bərpasından sonra istifadəyə verilməsi mərasimində iştirak edib.

APA-nın məlumatına görə, bildirilib ki, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində ciddi ziyan görən Horadiz şəhərinin yenidən qurulması, burada geniş abadlıq-bərpa tədbirlərinin həyata keçirilməsi istiqamətində son illərdə bir çox mühüm işlər görülüb.

Horadiz şəhərində erməni işğalı zamanı yandırılmış və dağıdılmış 227 evin və çoxmənzilli 3 binanın bərpa edilməsi məqsədilə prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Füzuli Rayon İcra Hakimiyyətinə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan vəsait ayrılıb. Yüksək keyfiyyətlə və müasir tikinti normaları nəzərə alınmaqla həyata keçirilən inşaat işləri zamanı evlərin hamısı tam bərpa edilib. Mənzillərin hamısı kommunal infrastrukturla təmin olunub, insanların rahat və maneəsiz yaşamaları üçün hər cür imkanlar yaradılıb.

Prezident İlham Əliyev bərpa olunmuş evlərdən birində yaradılmış şəraitlə tanış olub. Dövlət başçısı evin sahibləri ilə çay süfrəsi arxasında söhbət edib.

AzNews.az