Rəsul Quliyevin ittihamlarına Müsavatdan - CAVAB

ABŞ-da yaşayan sabiq spiker Rəsul Quliyev mətbuata müsahibəsində müxalifətdə “qan dəyişmə” prosesinin başladığını

Müsavatın qurultay keçirməsi və yeni başqanın seçilməsi ilə bağlamağın sadəlövhlük olduğunu deyib. O, bildirib ki, Müsavat partiyası başqanlığına namizədliyini irəli sürənlərin heç birinin ciddi proqramları yoxdur.

Məsələyə münasibət bildirən Müsavat başqanlığına namizəd Tural Abbaslı AzNews.az-a deyib ki, Rəsul Quliyev belə açıqlamalarının heç bir əhəmiyyəti yoxdur: "O, sanki Müsavatı təftiş eləmək səlahiyyəti qazanıb. O, hakimiyyət əvəzinə Müsavat partiyasına müxaliflik edir. Biz başqan olsaq da olmasaq da Azərbaycanda dəyişikliklərin olması uğrunda sona kimi mübarizə aparacağıq. Bunu bu günə kimi olan mübarizəmizdə də göstərmişik. Bizi dəyişiklik istəməməkdə ittiham edən şəxsin özü sonuncu dəfə Azərbaycanda nə vaxt olub? Bunu bilirmi? Yaxud da onun gəlişinin nəyisə dəyişə biləcək anlarda o cəsarəti göstərmədiyi üçün Rəsul bəyin şərhlərini ciddiyə almaq məqsədəuyğun deyil".

Müsavat Partiyası başqanlığına namizəd Səxavət Əlisoy isə hesab edir ki, Rəsul Quliyev Azərbaycan vətəndaşıdır və o, məmləkətdə baş verən proseslərə öz fikrini bildirə bilər: "Vətəndaşlar hər hansı bir olaya öz fikrini bildirə bilər. Rəsul bəy təkcə Müsavata deyil, digər partiyalara da münasibətini açıqlayır. Müsavatda baş verən proseslərə biganə qalmamasını normal qəbul edirəm. Mən Azərbaycanda bütün inqilabların əleyhinəyəm və hakimiyyətin seçki yolu ilə dəyişməsini istəyirəm. Qeyri-qanuni aksiyaların əleyhinəyəm. Müxalifətin, eləcə də Müsavat partiyasının qarşısında dayanan ən böyük problem demokratik mühitin yaranmasıdır. Demokratik mühitin bərpa olunması üçün Müsavat partiyası hüququ müstəvidə mübarizə aparmalıdır".

Bahar Rüstəmli
AzNews.az