ABŞ Azərbaycana yeni səfir göndərir - Senat

Sentyabrın 17-də Vaşinqtonda, ABŞ Senatının Xarici Əlaqələr Komitəsində ABŞ-ın Azərbaycanda, Ermənistanda, Monteneqroda və Makedoniyada səfirləri vəzifələrinə namizədlərə dair dinləmələr keçirilib.



AzNews.az Axar.az-a istinadən xəbər verir ki, dinləmələri komitənin sədri senator Kris Merfi və senator Ronald Conson aparıb.

Kris Merfi Balkan və Qafqaz regionlarının ABŞ üçün əhəmiyyətini qeyd etdi.

Ermənistan barəsində danışan senator bu ölkənin iqtisadi göstəricilər və siyasi müstəqillik baxımından regionun digər dövlətlərindən geri qaldığını deyib. O, bildirib ki, mart ayında BMT-nin Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünün əleyhinə səs verən ölkələr arasında Ermənistanın da olması ABŞ-ı məyus edib.

Azərbaycan barədə də çıxış edən Kris Merfi ölkəmizin xüsusən enerji sahəsində əməkdaşlıq baxımından, çox mühüm tərəfdaş olduğunu qeyd edib.

Merfi ABŞ və Ermənistana namizədliyi irəli sürülən Robert Sekutaya və Riçard Millsə müraciətlə, Dağlıq Qarabağ münaqişəsi barədə öz mövqelərini bildirmələrini xahiş edib.

Hər iki namizəd ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorliklə sıx əməkdaşlıq edəcəklərini və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yollarını axtaracaqlarını bildiriblər.

R.Sekuta onu da qeyd edib ki, ABŞ-ın Azərbaycanla münasibətləri təhlükəsizlik, energetika və demokratikləşmə prinsiplərinə əsaslanır. Dünyada ilk neft quyusunun qazıldığı Azərbaycan enerji təchizatının şaxələndirilməsi, habelə təhlükəsizlik məsələləri sahəsində mühüm tərəfdaşdır.

Qeyd edək ki, Prezident Barak Obama Robert Frensis Sekutanı Azərbaycanda, Riçard C. Millsi Ermənistanda, Cess Lippinkot Beylini Makedoniyada və Marqaret Enn Uyexarı Monteneqroda səfir vəzifəsinə namizəd kimi təqdim edib.


AzNews.az