Zeynəb Özal: “Atamın zəhərlənmə ehtimalı yüzdə yüzdür” Zeynəb Özal: “Atamın zəhərlənmə ehtimalı yüzdə yüzdür”

“Özalı məzarında narahat etməyin!”

Zeynəb Özal: “Atamın zəhərlənmə ehtimalı yüzdə yüzdür”



Türkiyənin 8-ci prezidenti Turqut Özalın zəhərlənməsi iddiaları fonunda məzarın açılmasına oğlu Efedən sonra qızı Zeynəb Özaldan da etiraz gəldi. AzNews.az-ın Türkiyənin haber365.com xəbər portalına istinadən verdiyi məlumata görə, məzarın açılmasına bütün ailə etiraz edir.

Atasının məzarının açılması xəbərlərinin yayılmasından narahat olaraq təcili Türkiyəyə qayıdan Zeynəb Özal bildirib ki, buna imkan verməyəcəklər: "Atamı məzarında narahat etməyin. Bu günə qədər dəfələrlə atamın zəhərlənərək öldürüldüyünü söylədik. Araşdırmalar da aparıldı. Ortada sübutlar var. Amma bü günə qədər günahkarlar cəzalanmadı.

İndi isə məzarı açılır. Bu, bizim inanclarımıza görə doğru deyil. Məzarın açılması dinimizə də ziddir. Atam da çox inanclı bir insan idi. Məzar açıldığında atamın zəhərləndiyi ortaya çıxarsa, bu Türkiyə Cümhuriyyətinin ayıbı olacaq. Ölkə başçısı bu ölkədə öldürülmüş olaraq bilinəcək. Nəticə olmasa, atam məzarında narahat edildiyi üçün kədərlənəcəyik, kədərimiz daha da artacaq".

Ailəsinin psixoloji bir narahatlıq içində olduğunu deyən Zeynəb Özal bildirib ki, anası dərmanlarla ayaqda dayanır: "Əhməd, Efe və mən, anamın kədərlənməsindən daha çox narahatıq. Anam bu hadisənin də kimin etdiyini öyrənmək istəyir. Çox ciddi şübhələri var. Bizlər də bunu kimin, etdiyini öyrənmək istəyirik. Atamın zəhərlənmə ehtimalı isə yüzdə yüzdür".

Ədil Hüseynli
AzNews.az