Arif Hacılıya qarşı fraksiyanın yaradılmasına – Qərar verildi

Müsavatın narazıları da mitinqə gedəcək



Müsavat partiyasının narazılarından ibarət İşçi Qrupu dekabrın 14-nə təyin edilən mitinqlə bağlı qərar qəbul edib.

Bu haqda AzNews.az-a Müsavat partiyasının Qadınlar Birliyinin sədri Ellada Məmmədli məlumat verib.

Onun sözlərinə görə, mitinqlə bağlı qərar noyabırın 29-da keçirilən narazılardan ibarət İşçi Qrupunun iclasında qərar verilib: "İclasda partiyadaxili münasibətlər, İkram İsrafilin Divan bəyanatı və İşçi Qrupunun mitinqdə iştirak edib-etməmək məsələləri müzakirə olundu. Birmənalı şəkildə mitinqdə iştirakla bağlı qərar verildi".

E.Məmmədli onu da vurğulayıb ki, narazıların fraksiya məsələsi hələ də İşçi Qrupunun gündəmindədir: "Qərar verildi ki, bununla bağlı müzakirələr aparılsın".

Müsavat partiyasının üzvü Tural Abbaslı isə AzNews.az-a açıqlamasında bildirib ki, İşçi Qrupu fraksiyanın ilkin sənədinin hazırlanması qərarını verib: "İclasda Müsavatın son Ümumrespublika müşavirəsi müzakirə olundu və dəyərləndirildi. Fraksiya quruculuğu üzrə geniş müzakirə aparıldı. Və qərara alındı ki, 3-cü gün keçiriləcək İşçi Qrupunun iclasına fraksiyanın ilkin sənədi hazırlansın və müzakirəyə çıxarılsın".