Əvəz Zeynallının yenidən məhkəməsi olub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Xural" qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Bakı şəhər Vergilər Departamentinin baş hüquqşünası Səxavət Rzayev ifadə verib. O, "Xural" qəzetinin vergi borcunun 7251 manat hesablandığını, həmin borcun ödənmədiyini bildirib. O, həmin məbləğin cavabdehdən tutularaq dövlətin hesabına köçürülməsinin təmin edilməsini məhkəmədən xahiş edib.

Əvəz Zeynallı isə bildirib ki, vergi hesablaması düzgün həyata keçirilməyib. O, hesablama zamanı qəzet satışının 2200 tirajla aparıldığını bildirib: "Bizim qəzetin tirajı son bir ayda 2200 tiraj olub. Lakin yoxlamanın bütün dövrlərində bu tiraj əsas götürülüb. Guya bizim qəzet həmişə yüz faiz satılıb. Lakin orta hesabla bu müddət ərzində qəzetin 40 faizi satılıb, 60 faizi isə geri qaytarılıb. Onlar bunu nəzərə almayıblar".

Ə. Zeynallı həmçinin həbsindən bir ay əvvəl onun adından sənədə saxta imza edildiyini və vergi fəaliyyətinin dayandırıldığını da bildirib. S. Rzayev bir çox suallara cavab verə bilmədiyi üçün məhkəmə vergi hesablamasını həyata keçirən Şahin Əsgərlinin növbəti prosesə çağırılması və şahid kimi dindirilməsi barədə qərar qəbul edib.

Proses sentyabrın 28-də davam etdiriləcək.

Qeyd edək ki, Ə. Zeynallı ötən il oktyabrın 28-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

AzNews.az