Millət vəkili: “Müxalifət səhv düşünür”

"Gürcüstanda iqtidarın yerini fərqli xarici siyasət hədəflərinə malik olan qüvvələrin tutması qafqazdakı proseslərə təsir göstərəcək. Bundan sonra Rusiyanın qafqazda çəkisi ağırlaşacaq və öz-özlüyündə 2008-ci ildə Abxaziyanın ələ keçirilməsi hərbi cəhətdən nə idisə dünən baş verənlər də siyasi və dinc şəraitdə eyni mahiyyətlidir".

Bu sözləri AzNews.az-a millət vəkili Zahid Oruc Gürcüstanda keçirilən seçkilərə münasibət bildirərkən deyib. O bildirib ki, rusiyapərəst qüvvələrin parlamentdə çoxluğu ələ keçirməsi şübhəsiz ki, Gürcüstanın fərqli siyasi hədəflərini meydana çıxaracaq: "2005-ci ildəki "narıncı" inqilabdan bu sonra Gürcüstanda siyasi müstəvidə elə addımlar atılıb ki, heç bir siyasi qüvvə ondan kənarlaşa bilməz. Burada ən önəmlisi Gürcüstan hökümətinin gələcək vəziyyəti və xarici siyasət hədəflərinə yenidən baxışıdır. Bu o demək deyil ki, Saakaşvili siyasi meydandan çəkiləcək. Prezident balans yaratmaqla davam edəcək".

Millət vəkili əlavə edib ki, qərb bu məsələdə düşünməlidir: "Gürcüstandakı hökumət dəyişikliyi qərbə, regiona necə təsir edəcək? Bu təlil edilməlidir. Azərbaycana gəldikdə isə orada baş verənlər bizim üçün ikiqat əhəmiyyətlidir.

Ona görə ki, bu ölkə Azərbaycanın qərbə tranzit imkanı, siyasi pəncərəsidir. Belə olan təqdirdə Gürcüstanda baş verənlər bizə təsir edə bilər. Biz də bundan nəticələr çıxarmalıyıq".

Z.Oruc Azərbaycan müxalifətinin Gürcüstandakı seçkilər barədə səsləndirdikləri fikirlərə də münasibət bildirib. O deyib ki, Azərbaycan müxalifətinin həmin seçkiləri tərifləməsini yalnız öz maraqları konketsindən qiymətləndirərdim: "Xatırlayırsızsa, Saakaşvilinin "narıncı" libasını və yaxud yanaşı çəkilmiş fotoları da bunlar ölkədaxili mübarizənin simvollarına çevirirdilər. 5 şərfi boğazdan-boğaza, necə deyərlər, dolayıb, davam edirdilər.

Mən bunu onların siyasi lirikasına uyğun səsləndirdim. Bizdə keçirilən seçkilərdə ayrı-ayrı qüvvələr hansısa məntəqələrdə, dairələrdə pozuntulardan bəhs edirlər. Lakin bunlar kütləvi baş verməmişdir. Azərbaycan müxalifəti hesab edir ki, müxalifətin qalib gəldiyi seçki demokratikdir, Onlar çox səhv düşünürlər. Hesab edirəm ki, seçkilərin demokratik keçirilməsini yox, Azərbaycana bu proseslərin edəcəyi təsir qiymətləndirilməlidir. Müxalifət necə düşünür? Rusiyanın xarici siyasət hədəflərinin dəyişməsi nailiyyətdirmi?..."

İlkin
AzNews.az