Millət vəkilləri MSK-nın qərarına reaksiya verdi

Aydın Mirzəzadə: “Hər bir şey qanunda nəzərdə tutulduğu kimi aparılır” Fəzail Ağamalı: “İndi Gülər Əhmədova da sadə vətəndaş kimi lazımi açıqlamalar verəcək”


Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) Gülər Əhmədovanın deputatlıqdan könüllü imtina etməsinə həsr olunan iclas keçirilib. İclasda millət vəkilinin müraciəti müzakirə olunub. Onun Azərbaycan ictimaiyyətində böyük rezonansa səbəb olan rüşvət videosu ilə bağlı mandatından imtina etmək istəyi qəbul edilib. MSK Gülər Əhmədovanın deputatlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul edib.

MSK-nın verdiyi qərara münasibət bildirən YAP-çı deputat Aydın Mirzəzadə deyib ki, bu düzgün qərardır: "Gülər Əhmədova MSK-ya müraciət edərək, fəaliyyətinə xitam verilməsini tələb etmişdi. Qanuna müvafiq olaraq, Mərkəzi Seçki Komissiyası qərar verdi. Hesab edirəm ki, hər bir şey qanunda nəzərdə tutulduğu kimi aparılır".

Fəzail Ağamalı da bu addımı doğru hesab edib. O bildirib ki, MSK Gülər Əhmədovanın müraciətini nəzərə alaraq, obyektiv qərar qəbul etdi: "Mən bu qərarın bu və ya digər şəkildə geniş şərhinin tərəfdarı deyiləm. Artıq, bu qərardan sonra Milli Məclis müstəvisində hadisənin müzakirəsinə son qoyulmalıdır.

İndi Gülər xanım sadə vətəndaş kimi lazımi açıqlamaları verəcək. Ümidvaram ki, istintaq obyektiv gedəcək. Burada təkcə Gülər Əhmədova deyil, qarşı tərəf olan Elşad Abdullayev də dindirilməlidir".

İlkin
AzNews.az