Çavuşoğlu: “... nə üçün Xocalı faciəsi diqqətdən kənarda qalır?”

Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Mövlud Çavuşoğlu Azərbaycan ordusunun zabiti Ramil Səfərovla bağlı məsələnin AŞPA-da müzakirəyə çıxarılması və Suriya-Türkiyə münasibətləri barədə danışıb.

APA-nın məlumatına görə, Mövlud Çavuşoğlu deyib ki, "əgər AŞPA insan hüquqları məsələsinə diqqət yetirirsə, nə üçün Azərbaycan torpaqlarının işğalı, Dağlıq Qarabağ məsələsi, Xocalı faciəsi diqqətdən kənarda qalır?. Bütün bunlar AŞPA-nın ikili standartlardan çıxış etdiyini ortaya qoyur".

Mövlud Çavuşoğlu Suriyada Bəşər Əsəd rejimi tərəfindən vətəndaşlara qarşı zorakılıq həyata keçirildiyini vurğulayıb. O bildirib ki, Türkiyə Suriya ilə müharibə istəmir: "Türkiyəyə bomba atılıb, vətəndaşlar həyatlarını itiriblər və Türkiyə də buna cavab verib". Mövlud Çavuşoğlu Suriyada Bəşər Əsəd tərəfindən demokratik seçki keçirilməsini istədiklərini dilə gətirib. O, Suriyaya hərbi müdaxilə olarsa, bunun beynəlxalq hüquq çərçivəsində həyata keçirilməsinin zəruri olduğunu qeyd edib.

AzNews.az