AŞ PA-da Azərbaycanın təklifi qəbul edilmədi

Millət vəkili Fazil Mustafa hadisə yerindən yazır

Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa "Facebook" sosial şəbəkəsindəki səhifəsində AŞ PA-da siyasi məhbus anlayışı ilə bağlı müzakirələrə dair mövqeyini açıqlayıb. Onun fikirlərini diqqətinizə çatdırırıq:

Bu gün Avropa Şurasında Azərbaycan üçün də əhəmiyyətli olan bir məsələ müzakirə olunurdu - siyasi məhbus meyarlarının müəyyən olunması.

Burada iki yanaşma mövcud idi. Siyasi məhbusun:

1) AŞPA tərəfindən müəyyən olunması; 2) Avropa İnsan Haqları Məhkəməsi tərəfindən müəyyən olunması.

Mən prinsip olaraq bu qətnamənin qəbul olunmasının lehinə idim və bunu ötən sessiyada Hüquq Komitəsinin iclasında təklif olaraq irəli sürmüşdüm. Ancaq prinsip olaraq 2-ci mövqeyi dəstəkləyirdim. Ölkədə siyasi mövqeyinə görə həbs olunan vicdan məhbusları var və onların azad olunması hamımızın arzusudur. Dəfələrlə parlament tribunasından bunu dilə gətirmişəm. Bizim təqdim etdiyimiz düzəliş komitədə səs çoxluğu ilə keçsə də, plenar iclasda müəmmalı şəkildə 89 səsə qarşı 89 səslə qəbul olunmadı. Bizim layihəyə terrorizmdən əziyyət çəkən Türkiyə, İspaniya, Rusiya kimi ölkələr səs verdilər. Qəbul olunan 1-ci mövqenin əleyhinə olduğuma görə bütövlükdə sənədin də əleyhinə səs verdim.

Əgər düzəliş təklifimiz keçsəydi, sənədin lehinə səs verəcəkdim. Əsas arqumentim budur ki, hansısa şəxsin siyasi məhbus kimi tanınması üçün AŞPA-nın müvafiq komitəsi toplanmalı, orada müzakirə olunmalı və səs çoxluğu ilə bu tanınma müəyyənləşməlidir. Səs çoxluğu təmin olunmadıqda, necə olacaq? Hansısa ehtimal olunan siyasi məhbus AŞPA ilə hökumətin intriqasının ortasında qalıb həbsxana həyatını davam etdirəcək. Məsələnin Avropa İnsan Haqları Məhkəməsi tərəfindən müəyyən olunması isə daha konkret öhdəlik yaradır və hökumət həmin şəxsləri dərhal azad etməlidir. Burada deyilir ki, qərarın çıxarılması uzun sürür və ona kimi həbs müddəti tamamlanır. Əslində prinsip qəbul olunduqdan sonra çevik prosedur da müəyyənləşdirilirdi ki, burada ənənəvi məhkəmə predmeti olan bütün halların araşdırılmasından yox, yalnız siyasi məhbus olaraq dərhal tanınmadan söhbət gedə bilərdi. Türkiyə heyəti ilə əlaqəli şəkildə biz bu mövqeyi dəstəkləyirdik. Erməni Rustamyan isə çıxışında bildirdi ki, biz qətnamənin lehinə ona görə səs verəcəyik ki, bu, Azərbaycana daha ciddi təzyiq göstərmək imkanı yaradacaq. Eyni mövqeyi fransızlar və PKK simpatizanı olanlar da dəstəklədilər. Ona görə də hazırda qəbul olunan bu qətnamənin AŞPA ilə Azərbaycan hökuməti arasında ötür-ötür oyununa gətirib çıxaracağından və vicdan məhbuslarının işinə ciddi təsir göstərməyəcəyindən əminəm.

Dəniz Baykal bizim düzəlişi dəstəkləsə də, digər solçularla birlikdə qətnamənin lehinə ona görə səs verdi ki, AKP deputatları bunun əleyhinə səs vermişdilər. Sırf daxili siyasətlə bağlı məsələ idi. Orada açıqca bu qətnamənin PKK-çı Leyla Zananın məsələsinə təsir edəcəyini çıxışlarda vurğulayırdılar.

Odur ki, virtual məkanda heç nəyi ciddi araşdırmadan məqsədli şəkildə qarayaxma ilə məşğul olanlar başqalarının arqumentlərini dinlədikdən sonra mövqe bildirsələr, daha ədalətli olardı.

AzNews.az