“Azərbaycan PKK-ya dəstək verə bilməz”

Milli Məclisin deputatı Sahib Alıyev türk mediasında Kürdüstan Fəhlə Partiyasına (PKK) yardım edən ölkələr sırasında guya, Azərbaycanın da olması məsələsinə münasibət bildirib.

Millət vəkili AzNews.az-a açıqlamasında deyib ki, Azərbaycan dövləti PKK-nı terrorçu təşkilat olaraq ən yüksək səviyyədə tanıyır. Onun sözlərinə görə, bu mövqe dövlət başçısının dilindən də səslənib "Bu məsələ ilə bağlı Prezident İlham Əliyevin və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə açıqlamaları olub.

O zaman R.T.Ərdoğan PKK-ya qarşı mübarizədə verilən dəstəyə görə Azərbaycan prezidentinə təşəkkürünü bildirib. Çünki, belə baxanda Azərbaycanın da Türkiyədən başqa kimsəsi yoxdur. Gündəmə gətirilən bu cür iddiaları mən tamamilə absurd hesab edirəm.

Bu cür hərəkətlərə bəzən ayrı-ayrı filmlərdə də rast gəlmək olur. Amma əsas məsələ odur ki, Azərbaycan və Türkiyə cəmiyyətinin əksəriyyəti bu iki ölkənin bir-birinə nə qədər yaxın və dost olduğunu dərk edirlər".

Xatırladaq ki, ötən gün Türkiyənin "Haberler" internet qəzeti PKK-ya kömək edən dövlətlərin deşifrə olunduğunu yazaraq həmin ölkələrin siyahısını verib. Saytın yazdığı PKK-ya kömək edən ölkələr arasında Azərbaycanın da adı var. Məqalədə PKK-ya dəstək verən ölkələrin başında Suriya, İran və İsrail gəlir.

Vasif Həsənli
AzNews.az