Daha bir partiya İctimai Palatada təmsil olunacaq

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) İdarə Heyətinin iclası keçirilib.
AzNews.az-ın məlumatına görə, iclasda müvafiq qərarlar qəbul olunub. İdarə Heyəti ölkədəki ictimai siyasi vəziyyətlə, son zamanlar partiya ətrafında baş verənlərlə bağlı açıqlama ilə çıxış edib.

Açıqlamada deyilir: "Klassik Xalq Cəbhəsi Partiyasının İdarə Heyəti mövcud ictimai- siyasi vəziyyəti dəyərləndirərək partiyanın müvafiq strukturlarında aparılan müzakirələrin, ayrı- ayrı partiya üzvlərinin təkliflərini və KXCP Ali Məclisinin 07 oktyabr 2012- ci il tarixli qərarlarını nəzərə alaraq indiyə qədər bu və ya digər formada fəaliyyətində iştirak etdiyi qurumlarda- Demokratik Qüvvələrin Məşvərət Məclisində, Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatında və İctimai Palatada təmsil olunmaq barədə qərar qəbul edib. Bu qərarla KXCP partiyanın İnkişaf Planına uyğun olaraq;
- Cəmiyyətə təsir gücünün artırılmasına;
- Demokratik qüvvələrin inteqrasiya prosesinin dərinləşməsinə;
- Rəsulzadə- Elçibəy ideologiyasının cəmiyyətin aparıcı ideyasına çevirilməsinə;
- Ölkədə demokratik dəyərlərin inkişaf etməsinə;
- Legitim hakimiyyətin formalaşmasına;
- Prezident üsul idarəsindən Parlamentli üsul idarəsinə keçidin sürətlənməsinə nail olmağı yaxın dövr üçün özünün əsas prioritetlərindən hesab edir.
KXCP bir daha bəyan edir ki, qarşıdan gələn 2013- cü il prezident seçkiləri öncəsi normal seçki mühitinin yaradılması, seçki məcəlləsinin təkmilləşdirilməsi, seçki komissiyalarının paritet əsaslarla formalaşması, seçkilərdə demokratik qüvvələrin vahid platforma ilə iştirak etməsi yönündə öz fəaliyyətini bundan sonra da davam etdirəcək.
KXCP – partiyanın inkişafına yönəlik hər cür təşəbbüsləri dəstəkləməklə yanaşı, son zamanlar bəzilərinin "xoş niyyət" adı ilə partiyanın daxilində yaratdıqları narahatlıqlardan təəssüfləndiyini bildirir. KXCP illərin ağır sınağından çıxmış, Sovet İmperiyasının süqutunda müstəsna rol oynamış, Azərbaycanın müstəqillik tarixinə öz tərcümeyi- halını qızıl hərflərlə yazmış, bütün çətinliklərə, mərhumiyyətlərə baxmayaraq yolundan, əqidəsindən sapmayan şərəfli insanların yaratdığı və qoruyub saxladığı bir təşkilatdır. Böyük öndərimiz Əbülfəz Elçibəyin iştirakı ilə keçən əsrin sonlarında öz sözünü deyib ölkəmizə Milli müstəqillik qazandıran və Milli Hakimiyyət quran bu təşkilat öz sözünü çox yaxın zamanlarda bir daha, yenə də deyəcək.

KXCP – öz üzvlərinə və tərəfdarlarına müraciət edərək xalqımızın taleyində və tarixində mühüm rol oynayacaq 2013- cü il prezident seçkiləri öncəsi daha da diqqətli olmağa, ictimai fəallığı artırmağa, partiyaya qarşı yönələ biləcək hər hansı təxribat hallarına uymamağa, öz mübarizələrini partiyanın Nizamnaməsinə, Məramnaməsinə, Qurultay və digər Ali Məclisin qərar və tapşırıqlarına, Əbülfəz Elçi Bəyin bizlərə miras qoyub getdiyi əxlaq və dəyərlərə uyğun həyata keçirməyə çağırır.

KXCP – ölkə mediasına səslənərək, son zamanlar partiyanın və onun sədri Mirmahmud Mirəlioğlu haqqında reallıqdan uzaq, əxlaqa sığmayan, "etibarlı mənbə" adından həqiqətə uyğun olmayan məlumatların yayılmasında ehtiyatlı və diqqətli olmağa çağırır.

KXCP – son zamanlar partiyanın Rəsulzadə- Elçi Bəy ideya-siyasi irsindən uzaq düşdüyünü iddia edib partiya və onun sədri M. Mirəlioğlu ilə bağlı müxtəlif xarakterli, qeyri- etik davranışlarda bulunan, qəzet səhifələrində, sosial şəbəkələrdə, müxtəlif kluarlarda diskussiyalar açan kəsləri partiyanın müvafiq qurumlarında, qərargahında, partiyanın vəzifəli şəxsləri və üzvləri ilə müzakirələr aparmağa, kənar təsirlər altında partiyanın nufuzuna xələl gətirə biləcək açıqlamlardan və hərəkətlərədən çəkinməyə çağırır. Və o kəslərə xatırladır ki, demokratiya anarxiya deyil, əksinə ciddi nizam- intizama, qayda- qanunlara əməl etmək deməkdir.

Hakimiyyətin böhran keçirdiyi, demokratik düşərgənin bir arada olmasını tələb edən indiki zamanda müxalifətin aparıcı təşkilatlarından olan KXCP partiya ilə bağlı ictimai rəyi çaşdırmağa yönəldən, gərginlik və qarşıdurma yaratmağa çalışan qüvvələri destruktiv fəaliyyətdən çəkinməyə çağırır.
KXCP bir daha bəyan edir ki, partiyanın hədəfi ölkədə fəaliyyət göstərən ictimai- siyasi təşkilatlar, partiyalar deyil, azad, demokratik seçkilər yolu ilə Milli Hakimiyyətin formalaşmasına, ədalətli cəmiyyətin qurulmasına, Qarabaq torpaqlarının erməni işğalından azad edilməsinə, Azərbaycanın bütövlüyünə nail olmaqdır. Biz əminik ki, qarşıya qoyduğumuz məqsədlərə xalqımızın, millətimizin dəstəyi ilə nail olacağıq. İclasda partiyanın "Elektron idarəetmə sisteminə keçid"- lə bağlı məsələ müzakirə olunub. Qərara alınıb ki, müzakirələr davam etdirilsin".

İlkin Pirəli
AzNews.az