Onun şəxsi əşyaları iş yerindən götürüldü Onun şəxsi əşyaları iş yerindən götürüldü

Sevinc Babayeva hardadır?

Onun şəxsi əşyaları iş yerindən götürüldü



ABU-nun sabiq rektoru Elşad Abdullayevin yaydığı video görüntülərdə vasitəçi qismində adı hallanan Sevinc Babayeva özünə məxsus əmlakı iş yerindən götürüb. M.Ə. Sabir adına kitabxana-klubundan APA-ya verilən məlumata görə, S. Babayevanın oğlu bir neçə gün əvvəl kitabxanaya gəlib. O, anasına məxsus əşyaları, onun otağında olan mebelləri və sənədləri götürərək aparıb. Oğlu anasının harada olmasından xəbərsiz olduğunu bildirib. Kitabxanadan həmçinin bildiriblər ki, S. Babayevanın müqavilənin müddəti bu ay başa çatıb.

Xatırladaq ki, sentyabrın 25-də internetdə E. Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı video material yayılıb. Video materialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S. Babayeva arasında E. Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb. Dialoqda yüksək vəzifəli şəxslərin də adı çəkilib.

Qeyd edilən audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb. Hadisədə adı hallanan G. Əhmədova istintaq tərəfindən dindirilib. S. Babayevanı tapmaq mümkün olmadığı üçün onun ifadəsi alınmayıb.

AzNews.az