“Bəs, ayrılan maliyyə hara gedir?” “Bəs, ayrılan maliyyə hara gedir?”

Milli Məclisdə əsgər qalmaqalı

“Bəs, ayrılan maliyyə hara gedir?”



"Bu yaxınlarda düşmənlə təmas xəttində bir neçə yerdə olmuşam. İndiki halda elə bil hərbi hissələr cəmiyyətdən ayrıdır". AzNews.az-ın məlumatına görə, bu sözləri MM-də çıxışında VHP sədri, Xalq şairi Sabir Rüstəmxanlı deyib: "Sanki əsgərlərimiz cəbhədə unudulub. Mən cəbhə bölgəsində oldum, komandiri bir saat tapa bilmədim. Rəsmi səviyyədə orduya diqqət var, ictimaiyyətin də orduya diqqəti artmalıdır".

Onun sözlərinə görə, hərbi hissələrdə şərait deyilən qədər də yaxşı deyil, avadanlıqlar köhnədir: "Vəziyyət ürəkaçan deyil. Orduya diqqət artırılmalıdır. Mən texnikanı da gördüm. Ola bilsin ki, üzdə olanları gördüm və arxada nələrin olduğunu bilmirəm. Amma vəziyyət yaxşı deyil. Ora ayrılan maliyyə hara gedir?"

S.Rüstəmxanlı təklif edib ki, parlament deputatlardan ibarət komissiya yaradıb hərbi hissələrə göndərsin: "Ziyalıların, alimlərin hər gün əsgərlərimizlə görüşünə ehtiyac var. Qəzet, kitab yoxdur. Sanki onların içindən ruhu şıxarıblar.Bu uşaqların ruhunu diriltmək lazımdır. 200 metr o yana düşmən dayanır".

YAP-çı deputat Aydın Mirzəzadə Sabir Rüstəmxanlı ilə razılaşmayıb. O deyib ki, onun çıxışı həqiqətə uyğun deyil: "Azərbaycan ordusunda hər şey normaldır. Ruh yüksəkliyi də var. Hərbi hissələrimiz də tam normal fəaliyyət göstərirlər. Siz nəyə əsasən bunu deyirsiz, bilmirəm".

Vitse-spiker Ziyafət Əsgərov da Aydın Mirzəzadəni dəstəkləyib: "Sabir müəllim, siz şairsiniz, Yazıçılar Birliyi qarşısında məsələ qaldırmısınız ki, yazıçılar cəbhəyə getsinlər? Mən çox istərdim ki, yazıçılarımız, sənət adamlarımız, şairlərimiz cəbhəyə getsinlər. Sənət adamları gedir, ancaq mən tanınmış şairlərimizin cəbhə bölgəsinə getməsini eşitməmişəm. Gərək bunu da siz edəsiniz, parlament yox".

İlkin Pirəli
AzNews.az