Eldar Sabiroğlu: “Görünür, Sabir Rüstəmxanlının ordudakı mövcud vəziyyət barədə real təsəvvürləri yoxdur” Eldar Sabiroğlu: “Görünür, Sabir Rüstəmxanlının ordudakı mövcud vəziyyət barədə real təsəvvürləri yoxdur”

“Sabir Rüstəmxanlının çıxışından çox təəssüf edirik”

Eldar Sabiroğlu: “Görünür, Sabir Rüstəmxanlının ordudakı mövcud vəziyyət barədə real təsəvvürləri yoxdur”



"Deputat Sabir Rüstəmxanlının Milli Məclisin iclasında ordumuz haqqında çıxışından çox təəssüf edirik. Əlbəttə ki, bunu heç kəsə qadağa etmək olmaz, xüsusilə də parlament üzvünə. Ancaq son illər Silahlı Qüvvələrimizdəki uğurları inkar etmək heç də ədalətli tənqid kimi qəbul edilə bilməz". Bu fikirləri mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu APA-nın sualına cavabında millət vəkili Sabir Rüstəmxanlının parlamentdə çıxışına münasibət bildirərkən deyib.

"Görünür, deputat Sabir Rüstəmxanlının ordudakı mövcud vəziyyət barədə real təsəvvürləri yoxdur. O, bu boşluğun yerini doldurmaq üçün digər deputatlar kimi Müdafiə Nazirliyinə müraciət edib cəbhə zonasında yerləşən hərbi hissələrə gedə bilərdi. Lakin bu illər ərzində bir dəfə də olsun ondan belə bir təklif almamışıq. İndi böyük kürsüdən ordu haqqında mənfi təəssürat yaratmağa cəhd göstərir. Özünün təbiri ilə yanaşsaq, guya ki tənqid edir.

Xatırlatmaq istərdik ki, əsgərlərimiz heç də onun dediyi kimi cəbhədə unudulmayıb. Onların yaşayış şəraiti, xidməti fəaliyyətləri daim komandir heyətinin diqqət mərkəzindədir. Ordumuza həm dövlət səviyyəsində böyük diqqət var, həm də son illər aparılan müsbət işlərin nəticəsi olaraq cəmiyyətlə Silahlı Qüvvələrimiz arasında qırılmaz bir bağ yaranıb. Bununla fəxr etmək əvəzinə əsassız sözlərlə ictimai fikri başqa səmtə yönəltməyə gərək yoxdur. Ordunun mövqeyi birdir - dövlətimizin və millətimizin təhlükəsizliyini qorumaq. Ordunun başlıca vəzifəsi isə işğal olunmuş torpaqları qəsbkarlardan azad etməkdir. Ola bilsin ki, bəziləri buna şübhə ilə yanaşsın, Ancaq bu mütləq baş verəcəkdir. Özü də bu zaman uzaqda deyil. Müxtəlif zamanlarda, müxtəlif mövqelər nümayiş etdirən şəxslərin belə buna inanmasını rica edərdim".

Qeyd edək ki, millət vəkili Sabir Rüstəmxanlı Milli Məclisin bu gün keçirilən iclasında millət vəkillərini, ziyalıları cəbhədə əsgərlərlə ünsiyyətdə olmağa çağırıb: "Sanki əsgərlərimiz cəbhədə unudulub. Mən cəbhə bölgəsində oldum, komandiri bir saat tapa bilmədim. Milli Məclisdə komissiya yaradıb, cəbhə bölgəsinə göndərmək lazımdır. Rəsmi səviyyədə orduya diqqət var, ictimaiyyətin də orduya diqqəti artmalıdır".

AzNews.az