“Belə görüşlərin heç bir nəticəsi olmayacaq”

Tənzilə Rüstəmxanlı: “Konfranslar və görüşlər erməniləri iddiasından çəkindirə bilmir”



"Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin yaxşılaşdırılmasına yönəlik keçirilən bütün bu görüşlər ermənilərin öz mövqeləri səbəbindən müsbət nəticələnmir".

Bunu AzNews.az-a "Azəri-Türk Qadınlar Birliyi"nin sədri Tənzilə Rüstəmxanlı türk-erməni xanım iş adamlarının bir araya gətirilməsi məsələsinə münasibət bildirərkən deyib. Birlik rəhbəri qeyd edib ki, Türkiyənin dövlət rəsmiləri və siyasiləri ermənilərin türklərə qarşı ərazi, "soyqırım" iddialarından geri çəkiləcəyi təqdirdə münasibətlərin normallaşacağını bəyan ediblər: "Biz nə qədər münasibətlərin yaxşılaşdırılmasını istəsək də bu, tək tərəfli olur.

Çünki Ermənistan münasibətlərin yaxşılaşdırılması üçün heç bir müsbət addım atmır. Ermənistan nə beynəlxalq hüquqa hörmət edir, nə işğal etdiyi əraziləri geri qaytarır, nə qondarma soyqırım iddiasından əl götürür, nə də BMT-nin qəbul etdiyi qətnamələrə əməl edir. Deməli, ermənilər münasibətlərin yaxşı olmasını istəmir. Buna görə də Müxtəlif adlar altında nə qədər görüşlər keçirilsə də, bunun əhəmiyyəti olmayacaq".

T.Rüstəmxanlının sözlərinə görə, sülh tərəfdarı olan ermənilər çox azdır: "Sülhdən danışan ermənilər də "soyqırım" məsələsində eynilə Ermənistan rəhbərliyi və diasporunun tutduğu mövqeyi dəstəkləyirlər. Həmçinin də Dağlıq Qarabağ məsələsində də Ermənistan dövlətinin maraqlarından çıxış edirlər. Bütün bunlar Türkiyəyə təzyiq vasitələridir".

Gültəkin Qəhrəmanlı
AzNews.az