Elçibəyin oğlu: “...qəbri kim aça bilər?”

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin müraciəti əsasında Bakı Şəhər Prokurorluğu Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin qəsdən zəhərlənməsinin araşdırılması məqsədilə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açıb. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Mətbuatın dünən yaydığı məlumata görə, hüquq-mühafizə orqanlarındakı mənbə Əbülfəz Elçibəyin zəhərlənməsi üzrə açılmış cinayət işində istintaq qrupunun şok faktlar ortaya çıxdığını bildirib. Əldə olunmuş məlumatlar əsasında da mərhum eks-prezidentin qəbrinin açılması ilə bağlı hazırlıq işləri aparılır. "Cinayət işi ilə bağlı dindirilənlərin ifadələrinin yekun nəticəsi olaraq mərhum Elçibəyin qəbrinin açılması ilə bağlı ilkin müzakirələr aparılıb"-deyə mənbə bildirib.

Qeyd edək ki, qanunvericiliyin tələblərinə görə, mərhumun qəbrinin açılmasına ailəsinin mütləq razılıq verməsi lazımdır.

Eks-prezidentin ailəsi isə məsələ gündəmə gətirildiyi ilk gündən qəbrin açılmasının əleyhinə olub. AzNews.az-a açıqlamasında da Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev əvvəlki mövqelərini bir daha dilə gətirib: "Ailə buna razılıq verməyibsə, kim gedib qəbri aça bilər? Ailənin adından danışan mənəmsə, mənim belə bir qərarım olmayıb. Yəni ailə belə bir qərar verməyib ki, kimsə gedib qəbri açsın".

Gültəkin Qəhrəmanlı
AzNews.az