YAP-dan Avropa Parlamentinin qətnaməsilə bağlı - Bəyanat

Yeni Azərbaycan Partiyası (YAP) Avropa Parlamentinin qəbul etdiyi antiazərbaycan qətnaməsi ilə bağlı bəyanat yayıb.


AzNews.az xəbər verir ki, bəyanatda deyilir:

"Yeni Azərbaycan Partiyası Avropa Parlamentinin bir qrup deputatının növbəti antiazərbaycan bəyanatından böyük təəssüf hissi keçirir. Regional parlament assambleyasının prosedur qaydalarından sui-istifadə edərək müstəqil bir ölkənin vaxtaşırı hədəfə götürülməsi heç də qarşılıqlı əməkdaşlığa və səmimi münasibətlərə dəstək verən siyasət hesab edilə bilməz.

Azərbaycanda gedən proseslərə obyektiv qiymət verməkdən uzaq duraraq bir qisim avroparlamentari mütəmadi olaraq ölkəmiz barədə qarayaxma kampaniyasına dəstək verir. Azərbaycanın demokratik hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təmin edilməsi, neft kapitalının insan kapitalına çevrilməsi sahəsində fəaliyyətinə göz yumulur, onun Avropa dəyərlərinə olan inamı sarsıdılmağa çalışılır, Azərbaycan torpaqlarının bir hissəsinin qonşu Ermənistan tərəfindən işğal edilməsi faktı və bir milyona yaxın qaçqın problemi nədənsə unudulur.

Ölkəmizdə siyasi plüralizm və demokratiyanın bərqərar olmasının, mətbuatın azad inkişafı üçün yaradılan şəraitin nəzərə alınmamasını Avropa Parlamentinin Azərbaycana qarşı mövqeyinin qərəzli və qeyri-obyektivliyinin nəticəsi kimi dəyərləndirilən bəyanatda qeyd olunur ki, Azərbaycanın daxili siyasətinə qərəzli qiymət verməyə cəhd göstərilməsi Avropa Parlamentinin siyasətinə çevrilib və bu, Azərbaycan xalqının haqlı narazılığına səbəb olur.

Rəğbət bəslədikləri bir neçə nəfər məhbusun təcili həbsdən azad edilməsi çağırışı Azərbaycanın daxili işlərinə qarışmaqla yanaşı, hüquq anlayışını nüfuzdan salan bir addımdır. Xarici ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, mənbəyi naməlum çirkli pullar hesabına qeyri-qanuni sahibkarlıqla məşğul olmaqda ittiham edilənlərin müdafiəsinə qalxmaq Avropa Parlamentinin bəzi üzvlərinin özəl maraqlarından xəbər verir.

Yeni Azərbaycan Partiyası inanır ki, Avropa Parlamentinin növbəti antiazərbaycan qətnaməsi heç də Avropa ictimaiyyətinin fikrini əks etdirmir. Biz məlum qətnaməni Azərbaycanın müstəqil dövlət quruculuğundakı uğurlarından narahat olan dairələrin siyasi qıcıqlanmasından irəli gələn isterik hərəkət kimi qiymətləndiririk.

YAP bəyan edir ki, Avropadakı antiazərbaycan dairələrinin cəhdlərinə baxmayaraq, Azərbaycan demokratiya, insan hüquqlarının qorunması, müstəqil xarici və daxili siyasət kursunu qətiyyətlə davam etdirəcək".