“Qarabağ problemi yaxın aylarda öz həllini tapa bilər” - Politoloq

“Rusiya tərəfi Dağlıq Qarabağ məsələsinin həllinin vacibliyini dərk edir. Çünki bu problemin həlli ilə Azərbaycanı öz tərəfinə çəkə, ölkəmizi Avrasiya İttifaqına və digər qurumlara cəlb edə bilər. Bu da Rusiyanın regionda mövqeyini xeyli gücləndirə bilər”.

Bu sözləri AzNews.az-a politoloq Qabil Hüseynli deyib. Politoloq Dağlıq Qarabağ məsələsinin həlli üçün, hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya yeni variantla gəldiyi deyib: "Rusiya bu məsələdə maraqlı tərəfdir. Sergey Lavrov dəfələrlə deyib ki, bu məsələnin həll etməyin vaxtı çatıbdır. Təxmini olaraq 1 ildir ki, məsələ ilə bağlı danışıqlar prosesi başlayıb. Hətta Rusiya bu məsələdə ümidverici vədlər verir. I Avropa Oyunları ərəfəsində Rusiya tərəfindən Dağlıq Qarabağ problemin həllinə dair plan Azərbaycan tərəfinə təklif edilib. Həmin plan Azərbaycan tərəfindən diqqətlə incələndikdən sonra müəyyən arzu, təkliflər və qeydlər Rusiyanın nəzərinə çatdırılıb. Daha sonra hər iki ölkənin xarici işlər naziri iki dəfə Moskvada görüşüb. Hətta Sergey Lavrov bu yaxınlarda məsələ ilə bağlı yenidən Azərbaycana gəldi. O, Bakıya Putinin arzusu ilə gəldiyini, onun sifarişlərini gətirdiyini bildirdi. Məlum oldu ki, bu dəfə məsələnin həllinin yeni variantını gətirib. Bu variantda bir çox məsələlər var. Amma bu, yalnız Dağlıq Qarabağın statusuna aid deyil. Çünki söhbət sırf 7 rayonun azad edilməsindən gedir. Amma Rusiyanın hərkətlərində qeyri ardıcıllıq var. Rusiya bir tərəfdən problemin həllinin vaxtının çatdığını deyir. Digər tərəfdən isə Gürcüstanı qorxudur, onun ərazisindən keçməklə Ermənistana dəmir yolunun yenidən işə salınması variantı üzərində işləyir. Xəzər dənizdə isə özünün hərbi dəniz donanmasının manevrlərini keçirir. Adətən bu manevrlər Azərbaycan ordusu irimiqyaslı hərbi təlimlər keçirən zaman olur".

Qabil Hüseynlinin fikrincə, Azərbaycan ordusu Rusiyanın verdiyi vədlərə baxmayaraq, hər zaman döyüş hazırlığı vəziyyətində olmalıdır: "Rusiyanın nə vaxtsa bizə mərhəmət göstərib torpaqlarımızın geri qaytarılması işini təşkil edəcəyini gözləməməliyik. Biz öz torpaqlarımız azad etmək üçün ordumuzu yüksək döyüş hazırlığı vəziyyətinə çatdırmışıq. Azərbaycan ordusu bu saat qarşısına qoyulan bu vəzifəni öhdəsindən gəlməyə qadirdir. Amma Azərbaycan ordusu öz ərazilərini azad edərkən Ermənistanda yerləşən rus qoşunları neytral qalıb məsələyə qarışmamalıdır. Bu məsələ haqda da Rusiyadan hələlik tam təlimat alınmayıb. Çünki Rusiya müharibə variantını rəd edir. Məsələnin sülh yolu ilə çözəcəklərini deyir. Amma hər halda Azərbaycan barıtı quru saxlayır. Hər an döyüş olacaq kimi ordunu döyüşə hazır vəziyyətdə saxlayır. Hətta Rusiyanın Cənubi Qafqazda iştirakını Dağlıq Qarabağ probleminin bu cür dondurulmuş vəziyyətdə saxlamasının şahidi oluruq".

Qabil Hüseynli məsələnin yaxın vaxtlarda həll oluna biləcəyini də qeyd edib: "Bu məsələ də illərdən söhbət gedə bilməz. Yaxın aylarda problem öz həllini tapa bilər. Belə ki, yaxın aylarda bu məsələnin bütün üfüqləri və prespektivləri aydınlaşacaq. O zaman məsələ ilə bağlı daha dəqiq məlumatlar deyə biləcəyik".

Sevinc Yasinqızı