“Bütün dövlətlər çalışır ki, KİV-i idarə etsin” – Əli Həsənov (Yenilənib)

“Azərbaycanda azad internet mövcuddur, sosial şəbəkələrdə istənilən fəaliyyət azaddır”.
AzNews.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər, seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri" mövzusunda keçirilən seminar-müşavirədə çıxışında deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti də çalışır ki, KİV-ləri idarə etsin: "Amma nə dərəcədə biz buna nail oluruq, bu idarəçilik onların azadlığına, sərbəst fəaliyyətinə mane olur və ya olmur, bunu dəyərləndirmək lazımdır.

Dövlətin KİV üzərində müəyyən avtoritet nüfuza malik olması hansı mexanizmlə həyata keçirilir? Dünya ölkələrində bunun müxtəlif yolları, vasitələri var. Biz Azərbaycanda KİV-ləri dəstəkləmək xətti götürmüşük. Bilirsiniz ki, bu, dövlət büdcəsindən müəyyən qrantlar, bu və ya digər həvəsləndirmələr, jurnalist müsabiqələri keçirmək, birbaşa onların bu və ya digər problemlərinə dövlət yardımı göstərmək xətti ilə həyata keçirilir. KİV-in inkişafına dövlət dəstəyi konsepsiyası qəbul olunub və ona müvafiq olaraq Fond yaradılıb. Amma heç kim deyə bilməz ki, bütün bunlar Azərbaycan hakimiyyətinin total şəkildə KİV-in fəaliyyətinə müdaxiləsi formasında həyata keçirilir. Azərbaycanda heç kim deyə bilməz ki, KİV-in fəaliyyətini Azərbaycan hakimiyyəti idarə edir və onun bütün jurnalist normalarını, azad jurnalist prisiplərini hakimiyyət müəyyən edir.

Amma, eyni zamanda, əlbəttə biz dövlət olaraq bu resursun əhəmiyyətini dəyərləndirərək onlarla səmərəli tərəfdaşlıq fəaliyyəti qurmağa çalışırıq. Bizim KİV-lərə münasibətlərimizin təməlində tərəfdaşlıq dayanır".

Əli Həsənov qeyd edib ki, mərhum prezident Heydər Əliyev Azərbaycanda KİV sahəsində siyasi plüralistik normaların formalaşmasının təməlində dayanır: "1998-ci il 6 avqust fərmanı ilə Heydər Əliyev KİV üzərindən bütün tənzimləyici və dövlət idarəedici mexanizmləri götürməklə, ləğv etməklə Azərbaycanda azad sözün, müstəqil medianın təməlini qoydu. Bu gün də Prezident İlham Əliyev bu prinsiplərə əməl edərək Azərbaycanda siyasi plüralistik cəmiyyətin formalaşması və inkişafı istiqamətində bütün addımları atır. Bu gün Azərbaycanda azad internet mövcuddur, sosial şəbəkələrdə istənilən fəaliyyət azaddır və istənilən insan blok açıb, orada öz fikirlərini söyləyə və başqaları ilə bölüşə bilər. Hər bir insan "Facebook" səhifəsində özünü və düşündüyü ideyaları və digər məsələləri təbliğ edə bilər. KİV-lər istədikləri informasiyanı sərbəst şəkildə toplayıb yaya bilər, o cümlədən hakimiyyətin yürütdüyü siyasətə tənqidi və yaxud da dəstəkləyici münasibət bildirə bilər. Bu sahədə Azərbaycanda heç bir problem yoxdur və bundan sonra da olmayacaq. Azərbaycan dövlətinin təməlində demokratik normalar durur ki, bu da bizim Konstitusiyamızda əks olunub. H.Əliyev tərəfindən təməli qoyulmuş azad media, siyasi plüralistik cəmiyyət normaları Prezident İlham Əliyev və onun komandası tərəfindən də davam etdirilir və bundan sonra da davam etdiriləcək".


***
12:00

"Azəbaycanda indiyə qədər keçirilən seçkilər demokratik və ədalətli şəkildə keçib".

AzNews.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi bu gün "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər, seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri" mövzusunda seminar-müşavirədə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Mərkəzi Seçki Komissiyası bütövlükdə Azərbaycanda seçkilərin ədalətli keçirilməsi üçün bütün lazimi tədbirləri görüb: "Azərbaycanda müstəqillik dövründə ümumrespublika səviyyəli 15-ə qədər seçki proseduru həyata keçirilib. Bu proseslərdə mətbuatın iştirakı mütləq şəkildə təmin olunub. Müəyyən nöqsanlar istisna deyil. Amma ümumi seçki nəticələrinə görə seçkilər ədalətli, demokratik keçib. İnanıram ki, bu seçkilər də belə olacaq. Çünki seçkilər cəmiyyətdəki ictimai mühitdən və yaradılan şəraitdən asılıdır. Mərkəzi Seçki Komissiyası bütövlükdə Azərbaycanda seçkilərin ədalətli keçirilməsi üçün bütün lazimi tədbirləri görüb".

Əli Həsənov KİV təmsilçilərinin əvvəldən axıra qədər seçki prosesini izləmək hüququna malik olduğunu deyib: "Jurnalist vəsiqəsi kifayət edir ki, onlar bu prosesi izləsin. Biz mətbuatı seçkilərin mühüm bir iştirakçısı kimi dəyərləndiririk. Mətbuatın vəzifəsi ondan ibarətdir ki, seçki mühitini doğru-düzgün təhlil etsin, əhalinin seçki ovqatının, fəallığının necə olmasını öyrənsin. Bütün bu prosesləri cəmiyyətə çatdırmaqda yeganə institut mətbuatdır. Bəzən MSK-nın verdiyi rəyi bəzi dairələr obyektiv dəyərləndirməyə bilir. Amma mətbuat bunu obyektiv dəyərləndirir. Bu baxımdan mətbuatın rolu dəyərsizdir".

Əli Həsənov həmçinin mətbuatın seçkilərdə iştirak edən bütün tərəflərə, o cümlədən siyasi partiyalara, bloklara bərabər şərait yaratmalı olduğunu qeyd edib: "Mətbuatın vəzifəsi KİV haqqında qanun, seçki qanunvericiliyinə uyğun hərəkət etmək və dövlətin yürütdüyü plüralistik siyasətə söykənərək namizədlər üçün bərabər şərait yaratmaqdır".

Sevinc Yasinqızı