“Kimin prezident seçilməsindən asılı olmayaraq, ABŞ Qafqazda münaqişələrin həllində aktiv rol oynamaqda davam edəcək” “Kimin prezident seçilməsindən asılı olmayaraq, ABŞ Qafqazda münaqişələrin həllində aktiv rol oynamaqda davam edəcək”

Amerikalı ekspertlərdən Qafqaz açıqlaması gəldi

“Kimin prezident seçilməsindən asılı olmayaraq, ABŞ Qafqazda münaqişələrin həllində aktiv rol oynamaqda davam edəcək”



Seçkilərdən sonra ABŞ-ın xarici siyasət kursunda ciddi dəyişikliklər gözləməyə dəyməz

ABŞ-da 6 noyabrda keçiriləcək prezident seçkilərindən sonra ölkənin xarici siyasətində, o cümlədən Cənubi Qafqazla bağlı siyasətində dəyişiklik gözləməyə dəyməz. ABŞ-ın bir sıra siyasi analitik və ekspertləri hesab edir ki, ABŞ əvvəlki xarici siyasət kursunu davam etdirəcək.

"Seçkilərdən sonra ABŞ-ın Cənubi Qafqaz siyasətində böyük dəyişikliklər baş verməyəcək. Kimin prezident seçilməsindən asılı olmayaraq, ABŞ Cənubi Qafqazda münaqişələrin həllində aktiv rol oynayacaq. Mitt Romniyə gəldikdə, Rusiya faktoru onda narahatlıq doğurur, buna görə düşünürəm ki, o postsovet ölkələrində daha aktiv olacaq və mübahisəli ərazi məsələlərinin həllini daha aktiv dəstəkləyəcək". Bu açıqlamanı APA-nın Vaşinqtona ezam olunmuş müxbirinə "Politico" nəşrinin baş redaktoru Bill Nikols verib.

Analoji fikri siyasi analitik, Milli İctimai Radionun (NPR) redaktoru Ron Elvinq də bölüşür: "Ciddi dəyişikliklər gözləməyə dəyməz. Lakin adətən, namizəd ikinci müddətə prezident seçilirsə, o xarici siyasət məsələlərində daha aktivlik nümayiş etdirir. Hələlik kimin dövlət katibi təyin olunacağı məlum deyil. Lakin bu namizəd xarici siyasət məsələləri ilə daha yaxşı tanış olan şəxs, məsələn Con Kerri ola bilər. O isə regionu yaxşı tanıyır, bu isə proseslərə müsbət təsir edə bilər. Digər tərəfdən Moskvanın ünvanına sərt ifadələr işlədən Mitt Romni prezident seçilsə, bu, Rusiya ilə münasibətləri olan ölkələrə yaxşı təsir edə bilər. Bu, manevr etməyə, razılaşmaya gəlməyə, münaqişələri həll etməyə imkan verər".

"İrs" fondunun (Heritage Foundation) əməkdar üzvü Li Edvards hesab edir ki, Cənubi Qafqazda münaqişələri yalnız region ölkələrinə böyük təsiri olan Rusiya ilə müzakirə edərək həll etmək olar: "Masa arxasına oturmaq və bütün məsələləri mister Putinlə birbaşa müzakirə etmək lazımdır. Əgər bu baş verməsə, status-kvo vəziyyəti uzanacaq".

Xarici siyasət kursunun əsas istiqamətlərinə gəldikdə, "Politico" nəşrinin baş redaktoru hesab edir ki, Barak Obama yenidən seçiləcəyi təqdirdə Yaxın Şərq münaqişəsinin nizamlanması məsələsində daha aktiv siyasət sürüdəcək və prosesi canlandırmağa çalışacaq. Həmçinin seçkilərin nəticəsindən asılı olaraq ABŞ İrana qarşı sanksiya tətbiq etmək siyasətini davam etdirə bilər.

Çox güman ki, Romni administrasiyası sanksiyaları dəstəkləyəcək. Hər iki tərəf hesab edir ki, tətbiq olunan sanksiyalar işləyir və effektlidir. Düşünürəm ki, İran hökumətinin ABŞ-la 1+1 formatında danışıqlara hazır olmasının ilk simptomları bu sanksiyaların doğrudan da effekt verdiyini göstərir".

Brukinqs institutunun baş elmi işçisi, analitik Uilyam Qalston hesab edir ki, qarşıdan gələn prezident seçkiləri əvvəlki seçkilərdən xarici siyasət məsələlərinin daha arxa plana keçməsi ilə fərqlənir: "Amerikalı seçiciləri daha çox ölkədəki iqtisadi vəziyyət maraqlandırır.

Sorğuların nəticələrinə görə, amerikalıları daha çox maraqlandıran məsələ iqtisadi inkişaf, yeni iş yerlərinin açılmasıdır. Bu sırada ikinci yerdə səhiyyə məsələləri durur. Xarici siyasət məsələləri amerikalıları maraqlandıran məsələlər sırasında 3-cü yerdədir".

AzNews.az