​Dünyanın bizdən öyrənəcəyi çox şey var ​Dünyanın bizdən öyrənəcəyi çox şey var
  • Toplum
  • 23 Oktyabr 2018 12:38
  •  4 053

Azərbaycan multikulturalist, tolerant və dəyərlərinə sahib çıxan ölkədir

​Dünyanın bizdən öyrənəcəyi çox şey var

Təbiətin hər bir xalqa bəxş etdiyi ən qiymətli miras onun milli mənəvi dəyərləridir.

M0illi-mənəvi dəyərlərimizin kökü əməli-salehlik və əxlaqi saflıqdır; mənəvi təmizlik və büllurluqdur; halallıq və gözütoxluqdur; xeyirxahlıq və mərdanəlikdir. Bunların hamısının zirvəsində isə adil vicdan dayanır. Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adətənənələrimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adətənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir. Milli-mənəvi dəyərlərimiz xalqımızın simasında zaman-zaman yaşamışdır. Bizi başqa xalqlardan, millətlərdən fərqləndirən də elə bir çox məqamda milli-mənəvi dəyərlərimiz, mədəniyyətimiz, mənəviyyatımızdır. Bu mənada Azərbaycan ailəsi də başqa ailələrdən fərqlənir. Ailələrimizdə böyüyə hörmət, ata-anaya sevgi, ehtiramla davranmaq, kiçiklərə qayğı, diqqət əsas göstəricilərdəndir. Bizim gələcək nəsillərə örnək olan əxlaq, tərbiyə simvolu, məhəbbət etalonu kimi daim hörmətlə anılan nümunəvi ailələrimiz çoxdur. Bu ailələr Azərbaycan xalqına sözün həqiqi mənasında böyük şəxsiyyətlər, dahilər bəxş edib.

Milli-mənəvi dəyərlər gələcək nəsillərə daha da zənginləşdirilmiş halda ötürülməlidir. Mənəvi dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsi müstəqil respublikanın mədəniyyət siyasətinin əsas vəzifələrindən biridir. Bu mənada Azərbaycan dövləti öz daxili və xarici siyasətini yeni tarixi şəraitə, müasir tələblərə uyğun olaraq, xalqımızın tarixi və mədəni ənənələrinə, dilimizə, dinimizə, milli mənəvi dəyərlərimizə istinad edərək həyata keçirir. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının qarşısında bir neçə inkişaf yolu var idi. Müxtəlif kənar təsirlər həmin dövrdə Azərbaycanı fərqli istiqamətlərə yönəltməyə çalışıb. Lakin ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi quruculuq siyasəti Azərbaycan xalqının milli mənəviyyatına əsaslanan milli dövlətin əsaslarını formalaşdırmağa yönəltdi. Mədəniyyətlərin bir-birinə nüfuz etdiyi və hətta bəzi hallarda assimilyasiyaya uğradığı qloballaşan dünyada Azərbaycan xalqının milli mənəvi keyfiyyətlərinin mühafizə edilərək gələcək nəslə ötürməsi maddi-mənəvi irsimizin öyrənilmə və qorunub saxlanma səviyyəsindən asılı olacaq.

Bütün dünyaya məlum olduğu kimi, Azərbaycanda milli və dini tolerantlıq hökm sürür. Heç kim dininə və əqidəsinə, irqinə, cinsinə, etnik, siyasi, sosial mənsubiyyətinə görə ayrı-seçkiliyə, təzyiqlərə məruz qalmır. Dünyəvi dövlət olaraq müasir, demokratik bir cəmiyyətə malik Azərbaycanda etnik və dini azadlıqlar maksimum təmin edilib.

Azərbaycan həm də multikultural bir cəmiyyətdir. Multikulturallıq öz mədəniyyətini inkar etmək demək deyil. Multikulturallıq və tolerantlıq başqa mədəniyyətlərə, başqa dinlərə, başqa xalqların xüsusiyyətlərinə hörmətlə yanaşmaqdır. Tolerantlığın bir çox növləri var və Azərbaycanda bunların hər birinin özünəməxsus yeri var. Lakin Azərbaycan xalqının milli mentalından, adət-ənənələrindən irəli gələrək dini tolerantlıq daha qabarıq şəkildə özünü göstərir. Azərbaycan cəmiyyətinə baxdıqda bu, daha aydın şəkildə görünür. Azərbaycan əhalisinin 96 faizi müsəlmandır. Ölkəmizdə müsəlmanlar, xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələri sülh, əmin-amanlıq şəraitində birgə yaşayır. Bu gün Azərbaycanda 2050-dək məscid, 10-dan çox kilsə var. Ölkəmizdə xristianlığın ayrı-ayrı cərəyanlarının icmaları sərbəst şəkildə fəaliyyət göstərir. Dünyada yəhudilərin azad şəkildə öz dini inanclarını icra etdiyi ölkələr içərisində Azərbaycan birinci yerdədir. Azərbaycan demək olar ki, yəhudilərin İsraildən sonra ən azad dini icma şəklində fəaliyyət göstərdiyi bir ölkədir. Azərbaycanda 10-a qədər sinaqoq, 4 gürcü kilsəsi fəaliyyət göstərir. Hətta Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə baxmayaraq, Bakıda erməni kilsəsi qorunub saxlanılır ve bu gün də fəaliyyət göstərir. Təkcə elə bu fakt xalqımızın tolerantlığının bariz göstəricisidir. Biz Ermənistanın Azərbaycana qarşı təcavüzünü dinlərarası qarşıdurma kimi yozmağın tərəfdarı deyilik. Təəssüf ki, erməniler bütün təbliğatlarında bu münaqişəni hətta az qala dinlərarası qarşıdurma kimi də təqdim etməyə çalışırlar.

İslam dünyasının bir parçası olaraq, Azərbaycan milli-mənəvi dəyərlərini və xalqımıza məxsus xüsusiyyətleri qoruyub saxlayır. Xalqımızın tarixdən gələn bu xüsusiyyətlərini gələcək nəsillər də yaşatmalıdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı daha da sürətlənib. Azərbaycan dünyaya inteqrasiya edən ölkədir, amma bununla yanaşı, biz öz milli-mənəvi dəyərlərimizi də qoruyuruq.

Qloballaşma prosesinin sürətlə getdiyi bir dövrdə hər bir xalq, hər bir mədəniyyət özünü qoruma instinktini işə salır. Qloballaşma milli adət-ənənələri, milli xüsusiyyətləri tədricən qlobal formaya çevirir. Belə bir şəraitdə ən yaxşı yol milli xüsusiyyətlə qloballaşmanın göstərdiyi təsiri uzlaşdırmaqdır. Biz bu gün Qərb mədəniyyətinin ciddi şəkildə dünyaya yayılması prosesini müşahidə edirik. Bu prosesdə xalq öz milli-mənəvi dəyərlərini qorumaq üçün lazımi tədbirlər görmürsə, onun mədəniyyəti də mütləq assimilyasiyaya uğraya bilər. Bu, qloballaşmanın böyük problemlərindən biridir. Dində də belədir. Əgər biz İslam dininin dəyərlərinə diqqət yetirməsək, öz ərazimizdə İslam dini əvəzinə başqa dinlərin də tədricən yer tutmasına gətirib çıxaran hadisənin şahidi olacağıq. Ona görə, milli-mənəvi dəyərlərin tərkib hissəsi olan dinimizin özünün də qorunmasına ehtiyac var. Əks təqdirdə, dünyada gedən mədəniyyətlərarası qovuşmada böyük təsir gücü altında mədəniyyətlərin də, milli adət-ənənələrin də assimilyasiyası prosesi gedə bilər. Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində mühüm işlər görülür ve bu işlər davam etdiriləcək.

Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, din, milli-mənəvi dəyərlərin qorunması sahəsində də ardıcıl siyasət həyata keçirir. Məlum olduğu kimi, dövlətimizin başçısının 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə ve milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat vəsait ayrılıb. Artıq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmalara maliyyə yardımı ayırmağa başlayıb.

Bəli, etiraf etməliyik ki, qloballaşma prosesində birtərəfli inteqrasiya ciddi problemlərə yol aça bilər. Bəzi dairələr bəzi Qərb ölkələrinin iqtisadi və texniki inkiafını əsas götürüb bizim də onların mənəvi dəyərlərini qəbul etməyimizə çağırır. Halbuki, Qərbdən elmi-texniki inkiafı nümunə götürmək olar, milli mədəniyyət, mənəvi kriteriyalar isə hər bir cəmiyyətin, sivilizasiyasının spesifik dəyərlər sistemidir və bunun elmi-texniki inkişafa heç bir dəxli yoxdur. Əyani misal olaraq, Yaponiya və Çini göstərmək olar- bu ölkələr milli-mənəi dəyərlərini qorumaqla elmi-texniki tərəqqiyə nail olub. Deməli, inkişaf üçün milli-mənəvi dəyərləri itirməyə, onu yad dəyərlərlə əvəzləməyə ehtiyac yoxdur. Əsil inkişaf milli-mənəvi dəyərəri, qədim mədəniyyəti qorumaqla elmi-texniki, sosial-iqtisadi tərəqqiyə nail olmaqdır. Dövlətimiz də bu baza üzərində inkişaf siyasəti yürüdür.

Ulu öndər Heydər Əliyevin formalaşdırdığı strateji inkişaf konsepsiyası konkret olaraq, milli-mənəvi dəyərləri qoruyaraq dünyaya inteqrasiya etməyi özündə ehtiva edir. Qloballaşma isə yalnız bütün cəmiyyətlər tərəfindən qəbul edilən bəşəri dəyərlər üzərində qurulmalıdır, hansısa cəmiyyətin öz milli-mənəvi dəyərlərini bütün dünyaya qəbul etdirilməsi üzərində yox. Azərbaycan bu sahədə dünyaya multikultural dəyərlərin hakim olduğu bir nümunədir. Müasir dünyaya nəzər yetirsək, milli və mənəvi dəyərlərin qarşılıqlı inteqrasiyası əvəvzinə, onların süni yaradılmış qarşıdurması çoxlu problemlər yaradıb. Təəssüf ki, XXI əsrdə də inkişaf etmiş dünya din və məzhəb qarşıdurmalarının, etnik toqquşmaların, faşizm meyillərinin şahididir.

Yaxın və Orta Şərqdə dinin siyasiləşməsi prosesləri, konfessional təəssübkeşlik, etnik qarşıdurma və terror aktları, müxtəlif etnik qrupların və fərqli din mənsublarının birgə yaşadığı ölkələrdə bəzi qərb dairələri tərəfindən qızışdırılan vətəndaş müharibələri davamlı xarakter alıb. Azərbaycanda da hələ ötən əsrin 90-cı illərindən başlayaraq, dini və etnik qrupları qıcıqlandırmaqla ölkədə dini qarşıdurma yaratmağa çoxsaylı cəhdlər edilib. Baxmayaraq ki, Azərbaycan tolerant ölkədir, ancaq tolerantıq deyə öz mövqelərimizi də başqasına güzəştə gedə bilmərik. Tolerantlıq o demək deyil ki, radikal cərəyanlar burada istədiyini edə bilər. Milli-mənəvi dəyərlərimizə müdaxilə ediləndə bu, artıq tolerantlıq olmur. Tolerantlıq dözümlü yanaşma deməkdir. Biz həm Xristianlıqdan, həm də İslamdan gələn radikal cərəyanların qarşısını almalıyıq ve alırıq da. Azərbaycanda indi bu sahədə vəziyyət sabitdir, dini və ya etnik qarşıdurma üçün heç bir əsas yoxdur. Əksinə, xalqımız qədimdən gələn ənənələrini yaşatmaqla həm ölkədə ictimai-siyasi sabitliyin qorunmasında dövlətin siyasətinə dəstək verir, həm də ölkənin bütün vətəndaşlarının respublikanın xoşbəxt gələcəyinin qurulmasına öz töhfəsini verir.

Bu gün Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmasına, müstəqilliyinin möhkəmləndirilməsinə dair bir sıra tədbirlər həyata keçirilir, eləcə də təhsil və mədəniyyətin inkişafı üçün zəruri qərarlar qəbul edilir. Təhsil və mədəniyyət institutlarının Avropa standartlarına uyğun şəkildə qurulması istiqamətində səylər göstərilir. İntellektual dairələr öz fəaliyyətləri ilə dövlətin mədəniyyət sahəsindəki siyasətinin müasir durumunu təhlil edir və bu siyasətin perspektivlərinə aydınlıq gətirməyə çalışırlar. Milli mənəvi dəyərlər sırasında ümummilli lider Heydər Əliyev ana dilinə xüsusi önəm verirdi. Ulu Öndər elmə, mədəniyyətə, maarifə, incəsənətə daim diqqət və qayğı göstərir, ziyalıların əməyini hər zaman yüksək qiymətləndirirdi. Onun təşəbbüsü ilə “Müasir Azərbaycan dili” dərsliyinin dövlət mükafatına layiq görülməsi təkcə elmə yox, həm də ana dilinin inkişafına dövlət qayğısının təzahürü idi. Dövlətçiliyin təməlinin, milli varlığın özülünün mədəniyyətə bağlı olduğunu aydın dərk edən ulu öndər Heydər Əliyev deyib: “Biz öz milli mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli mənəvi dəyərlərimizi yaradıb və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir”.

Azərbaycan öz qədim, möhtəşəm milli-mənəvi dəyərləri üzərində öz inkişafını davam etdirir və dövlətimiz dünyaya milli mədəniyyətini müasir elmi-texniki inkişafı bir arada tutan bir Azərbaycan modeli təqdim edir. Azərbaycan bu gün dünyaya belə numunəni göstərə bilən cəmi bir neçə ölkədən biridir. Dünyanın bizdən öyrənəcəyi çox şey var.

​​​​

​​Azərbaycan Respublikasının Prezidenti yanında
​Dövlət İdarəçilik Akademiyası,
​İnzibati idarəetmə fakültəsi

İradə Mirzəyeva
Əli Salmanlı



​​​​​