Müşfiq Ələsgərli: Bu problem qlobal xarakterlidir Müşfiq Ələsgərli: Bu problem qlobal xarakterlidir
  • Toplum
  • 25 İyul 2019 16:44
  •  2 043

Media nümayəndələri bir araya gəldi - Şəxsi həyat sirri onlayn mediada necə pozulur?

Müşfiq Ələsgərli: Bu problem qlobal xarakterlidir

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə təşkil olunan “İnternet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat” barədə informasiya hazırlamağın şərtləri” mövzusunda konfrans keçirilib.

AzNews.az xəbər verir ki, tədbirdə tanınmış jurnalistlər, media nümayəndələri, sosial şəbəkə istifadəçiləri iştirak edib.

Tədbiri Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli öz çıxışı ilə açıb:

“Xüsusi kateqoriyalı fərdi məlumatların, onun mühüm qollarından olan “Şəxsi həyat”-ın qorunması modern dünyada insan hüquqlarının ən önəmli prinsiplərindən biri, həmçinin, onlayn medianın trend problemlərindən biri kimi qəbul edilir. Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi “Şəxsi həyatın qorunması”-nı ehtiva edir. Azərbaycan Respublikası Konstitutsiyasının 32-ci maddəsi də “şəxsi həyat”a aid informasiyaların qorunmasına, ona hörmətlə yanaşılmasına təminat verir.

O qeyd edib ki, bu problem qlobal xarakterlidir: “Onun aradan qaldırılması üçün beynəlxalq təşkilatlar bir sıra modelləri müzakirəyə çıxarıblar. Avropa Birliyinə daxil olan ölkələrin əksəriyyətində internet üzərindən yayılan informasiyalarda “Xüsusi kateqoriyalı fərdi məlumatların və şəxsi həyat sirlərinin” qorunması üçün xüsusi agentliklər, inzibati strukturlar formalaşdırılıb. Azərbaycanda da bu məsələ aktualdır. İnternet xəbər istehsalçılarının bilərəkdən və ya bilməyərəkdən “Xüsusi kateqoriyalı fərdi məlumatların-şəxsi həyat”ın qorunması prinsipini intensiv şəkildə pozmaları, ümumiyyətlə, “Fərdi məlumatların qorunması” qanununa laqeyd yanaşmaları müşahidə olunur. Azərbaycan Mətbuat Şurasının açıqladığı illik hesabatdan aydın olur ki, Şuraya il ərzində ünvanlanmış şikayətlərin bir qismi də məhz şəxsi həyat sirrinin onlayn mediada pozulmasına aiddir.

Təşkilatımız tərəfindən hazırlanan layihənin əsas məqsədi həm qlobal, həm də lokal səviyyədə ortaya çıxan bu problemin aradan qaldırılmasına yardım göstərməkdir.

Layihə çərçivəsində qarşıya qoyulan vəzifələrdən biri də mövzuya dair hüquqi bilgiləri əks etdirən əyani vəsaitin-cib kitabçasının hazırlanaraq xəbər istehsalçılarının istifadəsinə verilməsidir ”.

Səidə Vahid

AzNews.az

image description