Şəhid Babək Aslanovun qardaşı danışdı: Yalan məlumat yayırlar

Yazıldığı kimi Babək 18 yaşlı əsgər yox, kiçik gizirdir

Noyabrın 6-dan 7-nə keçən gecə Qazaxda şəhid olmuş sərhəd qoşunlarının kiçik giziri Babək Aslanovun qardaşı Nurlan Aslanov sosial şəbəkədə qardaşının adından istifadə edən müxalifət nümayəndələrinə müraciət edib.

Bununla bağlı RePost.Az saytına açıqlama verən Nurlan Abbasov bəzi şəxslərin sosial şəbəkədə şəhid qardaşı ilə bağlı yalan məlumat yaydıqlarını bildirib. O, qeyd edib ki, bəzi müxalifətçilərin yazdığı kimi qardaşı evin tək övladı deyil. Ailədə 4 qardaş bir bacıdırlar. Babək isə evin 4-cü övladıdır.

Həm də yazıldığı kimi Babək 18 yaşlı əsgər yox, kiçik gizirdir. “Babək əsgərliyini 6 il əvvəl Beyləqan rayonunda Milli Ordunun sıralarında keçirib. Qayıtdıqdan sonra isə Sərhəd Qoşunlarında hərbi qulluğa başlayıb. 5 ildi Sərhəd Qoşunlarının kiçik giziridir. Bu müddət ərzində o, Yevlaxda, Şəmkirdə qulluq edib. Son iki ili isə Qazax rayonunda olub”.

O vurğulayıb ki, qardaşının 24 yaşı var, 1995-ci ildə anadan olub.

Nurlan Aslanov həmçinin əlavə edib ki, bəzi şəxslər anasının yataq xəstəsi olması barədə yalan məlumatlar da yayırlar. Halbuki, bunların heç biri doğru deyil.

Nurlan Aslanov həmçinin bildirib ki, öz siyasi maraqları üçün qardaşı haqqında yanlış məlumat yayanların şəxsi səhifələrində iradlar bildirsə də, şərhləri nəzərə alınmayıb və ya silinib.

AzNews.az