Məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardım göstəriləcək - FOTOLAR

"Ölkəmizdə vətəndaş, insan amili diqqətdə saxlanılır"

Dekabrın 13-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Vəkillər Kollegiyası və Birləşmiş Millətlər Təşkilatının Azərbaycan nümayəndəliyi arasında məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardım göstərilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Memorandumu AQUPDK –nın sədri Hicran Hüseynova, Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov və BMT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Qulam İshaqzai imzalayıblar.

AQUPDK-nin sədri Hicran Hüseynova bildirib ki, qanunvericiliyə edilmiş yeni dəyişikliyə əsasən, şəxs məhkəməyə özü, yaxın qohumu, ya da vəkili vasitəsilə müraciət edə bilər. Bu da aztəminatlı və həssas qrupdan olan ailələr üçün bir sıra çətinliklər yaradır. “Təəssüflər olsun ki, əksər hallarda yaxın qohumlar həmin şəxsə dəstək göstərmirlər. Vəkillik xidməti pullu olduğu üçün zərərçəkmiş şəxs çətin məqamla üzləşir, ödənişi edə bilmir. Komitəyə nikaha xitam verilməsi, alimentin, atalığın müəyyən olunması və digər məsələlərlə bağlı daxil olan müraciətlərin sayı artır. Bütün bunlar isə vətəndaşların, o cümlədən məişət zorakılığından zərər çəkən şəxslərin hüquq-mühafizə orqanlarında və məhkəmələrdə müdafiəsi üzrə hüquqi dəstəyin verilməsi məsələsinə yenidən baxılmasını tələb edir”, – deyə H.Hüseynova deyib.

AQUPDK-nin sədri bildirib ki, Prezident İlham Əliyev tərəfindən aztəminatlı şəxslərə Vəkillər Kollegiyası tərəfindən ödənişsiz hüquqi yardımın göstərilməsi ilə bağlı imzalanan Fərman zorakılıqdan zərərçəkənlərə hüquqi yardım göstərilməsi ilə bağlı problemin müsbət həllinə imkan verəcək. Çalışırıq ki, hər bir Azərbaycan vətəndaşı bu dəstəkdən yararlansın. Memorandum məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardımın göstərilməsi istiqamətində birgə səylərin gücləndirilməsi və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi daşıyır.

Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov qeyd edib ki, ölkəmizdə vətəndaş, insan amili diqqətdə saxlanılır və bu, qanunvericilikdə də öz əksini tapıb. Vurğulayıb ki, zorakılıqdan zərəçəkənlərə hüquqi yardım göstərilməsi qanunda göstərildiyi kimi ödənişsiz həyata keçirilir. Lakin bu, o demək deyil ki, vəkilllər həmin şəxslərə pulsuz yardım göstərməlidir. Qanunda nəzərdə tutulan ödənişsiz hüquqi yardım dövlətin hesabına həyata keçirilir. Bildirib ki, bu memorandumun imzalanması böyük imkanlara yol açır. Vəkillərin bu sahədə bilik səviyyələrinin artırılması, vəkillərin zorakılıqdan zərər çəkənlərə hüquqi yardım göstərmələri ilə bağlı treninqlərin təşkili nəzərdə tutulur. Vəkillər bu layihəyə könüllülük əsasında qoşulacaqlar. Bu sahə spesifik olduğundan vəkillərdən peşəkarlıq, xüsusi yanaşma tələb olunur.

BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisi Qulam İshakzai memorandumun “Qadınlara və qızlara qarşı zorakılığa son qoyaq” adlı 16 günlük fəallıq kampaniyası çərçivəsində həyata keçirildiyindən məmnunluğunu ifadə edib. Bildirib ki, gender əsaslı zorakılığın kəskin fəsadları vardır və buna qarşı mübarizə aparılmalıdır. Onun sözlərinə görə, Anlaşma Memorandumu zorakılıqdan zərərçəkən insanların müdafiəsi istiqamətində mühüm sənədlərdən biri olacaq. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Vəkillər Kollegiyasına təşəkkürünü bildirən BMT-nin nümayəndəsi hüquqi dəstəyin göstərilməsi ilə bağlı səylərin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, sənədə əsasən, AQUPDK nəzdində fəaliyyət göstərən yerli Uşaq və Ailələrə Dəstək Mərkəzləri, eləcə də müvafiq qeyri-dövlət yardım mərkəzlərindən Vəkillər Kollegiyasına müraciət daxil olduqda, Kollegiyanın təyin etdiyi vəkil tərəfindən məişət zorakılığından zərər çəkmiş şəxsə müvafiq hüquqi dəstək xidməti göstəriləcək. Eyni zamanda, tərəflər zərərçəkmişlərin hüquqlarının müdafiəsi məqsədilə müvafiq icra hakimiyyəti orqanları ilə əlaqələndirmənin gücləndirilməsi, bu şəxslərə hüquqi yardımın göstərilməsi üzrə vəkillərin bilik və təcrübələrinin artırılması üçün Vəkillər Kollegiyasının fəaliyyətinin dəstəklənməsi, vəkillər üçün gender-həssas təlim modullarının təşkili və digər istiqamətlər üzrə əməkdaşlıq edəcəklər.(AZƏRTAC)

AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description