“Həsrət Yolu” yeni layihəyə başladı

Layihə 4 ay müddətində keçiriləcək

“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi “Erməni əsir və girovluğundan azad edilmiş və itkin düşmüş şəxslərin ailə üzvləri olan məcburi köçkünlərin sosial vəziyyətinin araşdırılması” adlı layihəsinin icrasına başlayıb. Birlikdən verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birgə elan etdiyi müsabiqəyə təqdim edilmiş və qalib olmuşdur.

Layihənin məqsədi məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı dövlət strategiyasına dəstək olmaq üçün erməni əsir və girovluğundan azad edilmiş, həmçinin itkin düşmüş şəxslərin ailə üzvləri olan məcburi köçkünlərin sosial vəziyyətlərini: sağlamlıq, təhsil, məşğulluq, sosial təminat, mənzil şəraiti rakursundan araşdırmaqdır.

Sosial tədqiqatlar nəticəsində əldə olunacaq materiallar əsasında hazırlanacaq təkliflər müvafiq qurumlara təqdim ediləcəkdir.

Layihə pandemiya dövrünün şəraitinə uyğun olaraq 4 ay müddətində Bakı şəhəri, Abşeron, Ağdam və Bərdə rayonlarında həyata keçiriləcəkdir.

AzNews.az