• Toplum
  • 24 Avqust 2020 23:21
  •  975

Peşə təhsili müəssisələrinə qəbul yekunlaşıb

Qəbul prosesində hər namizədə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılıb

2020-2021-ci tədris ili üçün peşə təhsili müəssisələrinə tələbə qəbulu yekunlaşıb.

AzNews.az xəbər verir ki, sənəd qəbulu avqustun 10-dan 24-ü saat 18:00-dək Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin Elektron sənəd qəbulu altsistemində (http://qebul.vet.edu.az/) aparılıb.

Qəbul prosesində hər namizədə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılıb.

Müsabiqənin nəticələri avqustun 25-də elan ediləcək və qəbul olunan namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrələrinə SMS gələcək.

Xatırladaq ki, 2020-2021-ci tədris ilində peşə təhsili üzrə qəbul üçün 18 min 260 yer ayrılıb. Ayrılan yerlərdə 11 min 40 nəfər dövlət büdcəsi hesabına, 7220 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Qəbul 66 peşə təhsili müəssisəsində 120 ixtisas üzrə aparılıb. Peşə təhsili müəssisələrində tədris dövlət sifarişi və ya ödənişli əsaslarla həyata keçirilir. Peşə təhsili müəssisələrində dövlət hesabına yalnız bir dəfə təhsil almaq mümkündür. Valideynini itirmiş və ya valideyn himayəsindən məhrum uşaqlar, şəhid ailəsinin üzvləri, I, II və III dərəcə əlilliyi olanlar və 20 yaşına çatmamış və I dərəcə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqları dövlət büdcəsi hesabına ödəniləcək.

Eyni zamanda, ünvanlı dövlət sosial yardımı alanların, hər iki valideyni (tək valideyni olduqda həmin şəxs) və ya qanuni nümayəndələri I və II dərəcə əlilliyi olan şəxslər, işsiz kimi qeydiyyatda olan tələbələr, yaşa görə əmək pensiyaçıları və yaşa görə sosial müavinət alanların təhsil haqqının yarısı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə dövlət peşə təhsili müəssisələrində yalnız ödənişli əsaslarla təhsil ala biləcəklər.

Nəticələr elan olunduqdan və qəbul edilənlər qeydiyyatdan keçdikdən sonra vakant yerlər qalarsa, peşə təhsili müəssisələrinə sentyabrda əlavə qəbul keçiriləcək.