• Toplum
  • 7 Sentyabr 2020 18:04
  •  1 177

Dərman qutusu olmayan sürücülər cərimələnəcək?

“Son günlər avtomobildə dərman qutusu ilə bağlı mövzunun nədən aktuallaşdığı aydın olmasa da, xırda bir məsələni diqqətinizə çatdırım"

Son günlər sosial şəbəkələrdə avtomobilində dərman qutusu olmayan sürücülərin cərimələnəcəyi ilə bağlı məsələ yenidən aktuallaşıb.

AzNews.az xəbər verir ki, məsələyə yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov da öz feysbuk hesabında paylaşdığı statusunda münasibət bildirib.

“Son günlər avtomobildə dərman qutusu ilə bağlı mövzunun nədən aktuallaşdığı aydın olmasa da, xırda bir məsələni diqqətinizə çatdırım. 19 iyun 2020-ci il tarixdə Həm “Yol hərəkəti haqqında” Qanuna, həm də İXM-ə dəyişiklik edilərək avtomobillərdə olması zəruri hesab edilən bu qutunun adı dəyişdirildi. İndi o “dərman qutusu” yox, “ilk tibbi yardım qutusu” adlanır. Səbəb odur ki, bu qutunun içərisində dərman vasitələri yox, sadəcə həkiməqədərki yardımda istifadə edilə biləcək tibbi ləvazimatlar (qanaxmanı dayandırmaq, yaranı sarımaq üçün və s.) olmalıdır. Hazırda həmin qutunun tərkibi AR Nazirlər Kabinetinin 2019-cu il 9 sentyabr tarixli 399 nömrəli Qərarı ilə təsdiq olunub, lakin “Yol hərəkəti haqqında” Qanuna yuxarıda qeyd etdiyim dəyişikliyin qüvvəyə minməsi ilə əlaqədar NK-ya tapşırıq verilib ki, uyğun düzəlişlər edilsin. Yəqin ki, Nazirlər Kabineti 2019-cu il 9 sentyabr tarixli 399 nömrəli Qərarına dəyişiklik edəcək və sadəcə bu qutunun adını dəyişməklə kifayətlənməyərək, hazırda onun içərisində olması nəzərdə tutulan dərman vasitələrini siyahıdan çıxaracaq”.

Ekspert, həmçinin qeyd edib ki, həkimlərin fikrinə əsasən, avtomobilin bəzən 50 dərəcəyədək qızan salonunda saxlanılan həmin dərmanlar (Analgin, Aspirin, Nitroqliserin həbləri və s.) ciddi dəyişikliyə məruz qalaraq istifadə edildikdə çox ağır problem yarada bilər”.

Xatırladaq ki, bir neçə gün əvvəl Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi , polkovnik Vaqif Əsədov mətbuata açıqlamasında nəqliyyat vasitəsində dərman qutularının olmamasının inzibati xəta tərkibi yaratdığını və sürücülərin 10 manat məbləğində cərimə edildiklərini bildirmişdi. O, qeyd etmişdi ki, hər bir hərəkət iştirakçısı dərman qutularında olan dərman preparatları ilə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ilkin tibbi yardım göstərməyi bacarmalıdır.