• Toplum
  • 13 Oktyabr 2020 20:46
  •  847

809 nəfər SABAH tələbəsi adını qazanıb

Tələbələr 29 ixtisas üzrə SABAH tələbəsi adını qazanıb

2020-2021-ci tədris ili üzrə ölkənin 10 baza ali təhsil müəssisəsinin SABAH qruplarına tələbə seçimi aparılıb.

Təhsil Nazirliyindən AzNews.az-a verilən məlumata görə, sözügedən qruplara tələbə seçimi mərkəzləşdirilmiş qaydada üç mərhələdən (akademik göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) ibarət olmaqla müsabiqə yolu ilə həyata keçirilir.

Müsabiqədə iştirak üçün ümumilikdə 1 984 tələbə müraciət edib, onlardan 1 883 nəfəri test imtahanı mərhələsində iştirak hüququ qazanıb. Dövlət İmtahan Mərkəzi tərəfindən avqust ayında pandemiya şəraitinin tələblərinə uyğun keçirilmiş imtahanda 1 864 tələbə iştirak edib. 2 gün ərzində 29 ixtisas üzrə test imtahanı mərhələsini uğurla keçən 1 198 tələbə üçün onlayn müsahibə təşkil edilib. Müsabiqənin nəticələrinə əsasən, 809 tələbə 29 ixtisas üzrə SABAH tələbəsi adını qazanıb.

Qeyd edək ki, 2020-2021-ci tədris ili üçün SABAH qruplarında yeni ixtisaslar açılıb, ingilis dilində tədris olunan qrupların sayı artırılıb. Belə ki, artıq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) SABAH qruplarında tədris tamamilə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) isə bir çox ixtisaslarda ingilis dilində aparılır.