- Toplum
- 17 Dekabr 2020 13:45
- 2 552
ÜST Azərbaycana tibbi maskalar göndərib
Bir müddət yenə də infeksiyaya yoluxmamaq üçün özümüzü qorumalıyıq
“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) təmənnasız təqdim etdiyi tibbi maskalar əsasən ölkəmizin tibb müəssisələrinə veriləcək”.
AzNews.az xəbər verir ki, bunu TƏBİB-in Tibbi Xidmətlər Departamentinin rəhbəri Firəngiz Əliyeva deyib.
Onun sözlərinə görə, tibb işçilərinin pandemiya dövründə qorunmaları vacibdir: “Bütün dünyada olduğu kimi Azərbaycanda da tibb işçilərimizin infeksiyaya yoluxmamasına böyük önəm verilir. Belə tədbirlərin olması çox sevindirici haldır və dəstəkləyicidir. Bizim tibb müəssisələrimiz bu təqdim olunan maskalarla təmin olunacaqlar”.
TƏBİB rəsmisi qeyd edib ki, hazırda ən çox müzakirə olunan məsələlərdən biri də vaksinlərdi: “Verilən suallardan biri də odur ki, hər birimizin ümid etdiyimiz peyvənd olunduqdan sonra maskaya ehtiyac olub-olmamasıdır. Əfsus ki, bütün təşkilatların peyvənd almağa namizəd ölkələrə bildirdikləri kimi də hələ bir müddət maskalardan istifadə etmək məcburiyyətində qalacağıq. Bir müddət yenə də infeksiyaya yoluxmamaq üçün özümüzü qorumalıyıq. Bizim qızıl qaydalar dediyimiz: hər kəsin qoruyucu maskalardan düzgün istifadə etməsi, əl gigiyenasını və sosial məsafəni gözləmək lazımdır. Bu qaydaları unutmaq olmaz”.