• Toplum
  • 28 Dekabr 2020 12:39
  •  305

“Xəstəlik əlamətləri olmayanlar, profilaktika üçün heç bir dərman, sistem qəbul etməməlidir”

Bu sözləri həkim Aydın Əliyev Covid-19 virusu ilə bağlı məsləhət verən zaman deyib

“Qəti surətdə ağızdan-ağıza, qonşuların, qohumların məsləhəti ilə müalicələr etməyin. Bu çox vacibdir. Təəssüflər olsun ki, son günlərdə özbaşına müalicə alıb ağırlaşan və hətta ölən xəstələr müşahidə edirik”.

AzNews.az xəbər verir ki, bu sözləri həkim Aydın Əliyev Covid-19 virusu ilə bağlı məsləhət verən zaman deyib.
Həkim bildirib ki, şikayəti olmayan-xəstəlik əlamətləri olmayanlar, profilaktika üçün heç bir dərman, sistem qəbul etməməlidir. Bunların xeyri yox, ziyanı olacaq:

“Əgər sizdə Covid-19-un əlamətləri başlayıbsa, panik olub antibiotik, sistem, deksametazon qəbul etməyin. İlk günlərdə bunların xeyri yox ziyanı olur. Əlamətlər başlayan ilk 5 gündə favipiravir preparatı kömək edir(tam təsdiqi olmasa da).
İlk 1 həftədə şəkərli diabeti və digər damar xəstəlikləri olmayanlar, qızdırması 38-dən aşağı olanlar, mədə və 12 barmaq bağırsaq xorası olmayanlar yeməkdən sonra gündə 1 dəfə 100 mq aspirin, vitamin C gündəlik 1000 mq-a qədər, vitamin D-gündəlik 3500 tv, sink, selen, maqnezium qəbul etməlidir. Bununla bərabər qızdırma 38-dən yuxarı qalxarsa, əlavə olaraq 500 mq parasetamol və ya parasetamol tərkibli qripxot, coldrex və s. qəbul edə bilərsiz. Saturasiyası 90-dan aşağı düşərsə, təcili yardıma zəng edib stasionar müalicəsi tələb etmək lazımdır”.

Həkim xəstəlik əlamətləri olanların qanın ümumi analizi, crp, koaquloqramma, d-dimer, ferritin kimi analizləri vermələrinin məsləhət olduğunu deyib:

“Saturasiya 90-dan aşağı düşərsə mütləq KT müayinəsi edin. Professional, Civid-19 xəstəliyinin müalicəsi ilə məşğul olmayan həkimin məsləhəti olmadan antibiotik, deksametazon qəbul etmək qətiyyən olmaz. Ən əsası 3 məşhur qaydaya-maska, məsafə və əl gigiyenasına ciddi riayət edib özünüzü qoruyun!”

Səidə
AzNews.az