• Toplum
  • 25 Aprel 2023 14:17
  •  5 357

"Azərbaycan Mikromaliyyə Assosiasiyası" Mediasiya Şurası ilə əməkdaşlıq edəcək

"Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyi və Mediasiya Şurası (Şura) arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi qurumun Müşahidə Şurasının Sədri Cəlal Əliyev və Şuranın sədri Nadir Adilov imzalayıb.

Məqsəd ölkə prezidentinin müvafiq göstərişlərini rəhbər tutaraq mediasiya proseslərinin daha da təkmilləşdirilməsi, mikromaliyyə sahəsindəki mübahisələrinin qısa zamanda alternativ yolla həll olunmasına, o cümlədən mülki-kommersiya mübahisələrinin həllində mediasiyanın rolunun artırılmasına tövhə vermək, mediatorların, vəkillərin, hüquqşünasların peşəkarlıq səviyyəsinin və bank sahəsi üzrə biliklərinin artırılmasına, ölkədə məhkəmə-hüquq sisteminin inkişafına və optimallaşmasına dəstək verməkdən ibarətdir.

İmzalama mərasimində həmçinin Azərbaycan Mərkəzi Bankı, AMFA və Mediasiya Şurasının nümayəndələrindən ibarət “Maliyyə Mübahisələri Komitəsi”nin üzvləri və AMFA-nın üzv təşkilatlarının səlahiyyətli nümayəndələri də iştirak edib, mübahisələrin alternativ həlli yollarından biri kimi mediasiyanın əhəmiyyəti barədə geniş məlumat verilib və verilən suallar cavablandırılıb.