• Toplum
  • 28 Fevral 23:04
  •  2 878

Qızılca xəstəliyinin spesifik müalicəsi yoxdur - SN

Qızılca xəstəliyinin spesifik müalicəsi yoxdur və xəstəliyin yayılmasının qarşısını almaq üçün tövsiyə olunan intervalla peyvənd etdirməkdir. Əks halda yoluxan şəxslər xəstəliyin ağırlaşmaları ilə qarşılaşa bilərlər.

Aznews.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "İnstagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun infeksionisti Səbinə Cəfərova açıqlayıb.

Onun sözlərinə görə, peyvənd əsasən uşaqlıq dövründə (12 ay və 6 yaşda) vurulur. 2014-cü ildən vaksin preparatları Azərbaycana Səhiyyə Nazirliyi tərəfindən UNICEF xətti ilə gətirilir.

“Valideynlərin nəzərinə çatdırmaq istəyirəm ki, qızılcadan qorunmaq üçün Səhiyyə Nazirliyi tərəfindən təqdim olunan peyvənd cədvəlinə riayət etmək vacibdir.

Həkim məsləhəti kimi valideynlərə bildirirəm ki, övladlarının sağlamlığına diqqətli olsunlar və yoluxma hallarının qarşısının alınması məqsədilə mütləq olaraq 1 və 6 yaşlarında 2 dəfə peyvənd etdirsinlər.
Bir daha valideynlərə xatırlatmaq istəyirəm ki, qızılca xəstəliyinin ötürülməsinin qarşını almağının ən effektiv yolu vaksinasiyadır”.

S.Cəfərova qeyd edib ki, hansısa bir səbəbdən peyvəndin ikinci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar tez bir zamanda peyvəndin ikinci dozasını almalıdırlar:

“Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar minimum 4 həftə intervalla peyvəndin hər iki dozasını almaları tövsiyə olunur. Valideynlərin nəzərinə çatdırmaq istəyirəm ki, uşaqları vaksinasiya üçün onlara yaşayış yeri üzrə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət etsinlər”.