Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı açıqlanıb

İki gün ərzində paytaxtdan bölgələrə 600-dən çox reys həyata keçirilib.

Aznews.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, 5-6 iyun tarixlərində paytaxtdan bölgələrə 20 554 sərnişin daşınıb: "Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) müxtəlif istiqamətlərə 605 reys həyata keçirilib. Adi günlərdə xətlərə 200-ə yaxın reys çıxarılırsa, gücləndirilmiş rejimin hər günü əlavə olaraq 100-dən çox reys buraxılıb. Ümumilikdə, iki gün ərzində BBAK-dan 205 əlavə reys həyata keçirilib".

Bildirilib ki, sərnişinlərin 38%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib.

"İstirahət günlərində vətəndaşların daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaları üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur", - deyə məlumatda qeyd edilib.