- Redaktor masası
- 17:02
- 3 905
Azərbaycançılıq: Tarixi şüurdan geopolitik platformaya

Son dövrlər mediamızda ideoloji diskussiyaların getməsi diqqətəlayiqdir. Bu yöndə Azərbaycan prezidenti İlham Əliyevin məxsusi çağırışı olmuşdu. Dövlət başçısı Qarabağ davasını bitirmiş Azərbaycanın yeni ideoloji hədəflərinin müəyyən olunması üçün ictimaiyyəti diskussiyalara səsləmişdi. Ciddi, konseptual və ictimai düşüncə tariximizdə yer ala biləcək müsahibələr verildi, məqalələr yazıldı. 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik ili" kimi qeyd olunması bu yöndə mətbuata sürəkli çıxmağa, adətən, həvəs göstərməyən akademik dairələri də hərəkətə gətirməklə xeyli müsbət nəticələr verdi. Fəqət bunu da açıq bəyan etmək məcburiyyətindəyəm ki, Azərbaycanda Azərbaycançı olmaq, Azərbaycanlı kimi düşünmək qədər məşəqqətli heç nə yoxdur.
Ən bariz örnək bu il Azərbaycan dilinin statusu və işləkliyi ilə bağlı gedən müzakirələrdir. Azərbaycan Konstitusiyasının dövlət dili haqqında maddəsi immunitet altındadır. Dəyişdirilə bilməz. Amma az qala hər il ən müxtəlif mənbələrdən Azərbaycanın rəsmi dövlət dilinin adının dəyişdirilməsi gündəmə gətirilir, ana dilimiz unikal və müstəqil ədəbi dil olması şübhə altına salınır. Yazdıq, efirlərə çıxdıq. Üstümüzə çirkab seli axdı. Tarixi millətləşmə prosesinin, Konstitusiyamızın akademik mahiyyətini anlamayanlar Azərbaycanı öz mədəni, siyasi, geopolitik məhvərindən çıxardıb ictimai şüurumuzun altında “ləhcə ilə yazan, danışan toplum” imici yaratmaq üçün yarışa çıxdılar.
“Yarış” hələ də davam edir. Yeni raudda hədəf Azərbaycan xalqının tarixi arxa planını zədələməkdir. Azərbaycan Konstitusiyasının preambluasında müstəqilliyimizin əsaslarından biri kimi xalqımızın çoxəsrlik dövlətçilik ənənələri göstərilir. Bu yanaşmadan da göründüyü kimi, Azərbaycan dövlətçilik tarixi 1918-ci ildən başlamır. Bizi Cənubi Qafqazın digər xalqlarından fərqləndirən əsas xüsusiyyətlərdən biri çoxəsrlik dövlətçilik ənənələrimiz, bu ənənələrin yaratdığı identifikasiyadır. Bu ənənəyə, bu identifikasiyaya qarşı çıxanları bir-bir sadalamaq istəmirəm. Ancaq həm dövlət dilimizə, həm də respublikaçılıqdan öncəki tariximizə qarşı çıxanların bir məqamda xarici neo-imperalist qüvvələrə xidmət etdiyi mütləq üzə çıxır.
Mən dünyagörüş və xarakter etibarı ilə heç kimin həbs edilməsini, məhbəsə atılmasını arzulayan bir insan deyiləm. Ancaq USAİD-in və digər Qərb fondlarının pul kisəsindən kimlərin çıxdığını görür və bilirsiniz. Milli imzaların, Azərbaycanın ali maraqları uğrunda qələmlə savaşanların etibarsızlaşdırılmasında, gözdən, nüfuzdan salınmasında onların bir çoxu cani-dildən iştirak edirdi. Bəziləri həbsxanalarda, bəziləri çöldədir. Amma heç vaxt azadlıqda olmayıblar çoxbayraqlılar. Azadlığa, müstəqilliyə, suverenliyə xidmət etsəydilər, Gorusdan və Ermənistanın digər rayonlarından durbinlə ordumuzun postlarını, səngərlərini təftiş edənlərin başının üstündəki bayrağı 28 may günündə ali dövlət atributumuzla yanaşı tutmazdılar.
Bayraqdan söz düşmüşkən, mayın 9-da İmişlidə Ağsaqqallar Şurasının yerli təşkilatının sədrinin başının üstündə SSRİ bayrağı dalğalandırdılar. Adından fərqli olaraq, əməli heç də saleh olmayan birinin sinəsinə rus imperiyasının rəmzi olan "Georgi lenti" taxaraq nəbzimizi, həssaslığımızı yoxladılar. Demək ki, daha da ayıq-sayıq olmalıyıq. Kimisi demokratiya, kimisi sosial ədalət, kimisi də din pərdəsinə bürünərək Azərbaycana öz şovinist ideyalarını ixrac etməyə çalışır. Bir ölkədə həm beynəlxalq fondlardan “demokratiya üçün” qaçaq pul daşıyanlar, həm də “Kərimə dövləti” qurmaq istəyənlər mühakimə olunursa, deməli, ideoloji diskussiyalarda qarşımızdakı cəbhədə qüvvələr koalisiyası tərtiblənib.
Ukrayna savaşından xeyli öncə elan olunan Rusiyanın Kiyevə qarşı rəsmi doktrinasından agahsınız. Həmin doktrinal məqaləyə görə, Ukrayna xalqı ayrıca dövlətçilik tarixinə malik deyil, dilləri bir ləhcədir, ölkənin iqtisadi və mədəni inkişafı Sovet İttifaqı dövründə Rusiyanın sayəsində gerçəkləşib, rəsmi Kiyev Qərbin təsiri altına düşüb. Eyni tarixi manipulyasiyaların, ideoloji diversiyaların və geopolitik təzyiq rıçaqlarının Azərbaycana qarşı yönəldiyini fərq etməmək mümkünsüzdür. Azərbaycan dilinin statusunun sual altına alınması, tariximizin təhrif edilməsi və ölkənin müstəqillik konsepsiyasına zidd bir şəkildə ictimai rəyə “himayədar obrazları” təklif olunması ən müxtəlif mərkəzlərdən idarə olunsa da, eyni məqsədə xidmət edir. Düzdür, Azərbaycanın spesifik geosiyasi mövqeyinə uyğun olaraq, bu diskurs bir epizodda fərqli tezislə həyata keçirilir. Belə ki, Azərbaycanı Avropa Birliyi və NATO ilə sövdələşmələrdə ittiham etmək mümkün deyil, ona görə də rəsmi Bakını “sionistlərlə iş birliyində” suçlayırlar.
Bu günlərdə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycanı sionistlərlə iş birliyində ittiham edənlərə aydın, tutarlı, samballı cavab verdi. Bəli, Azərbaycanın 44 günlük savaşda Ermənistanın işğalçı ordusunu darmadağın etməsində, dünyanın ən mütəşəkkil diasporalarından birinə sahib ermənilərin beynəlxalq fəaliyyət imkanlarının məhdudlaşdırılmasında, imperiya nostalgiyası ilə yaşayan üç dövlətin təsirinə açıq bir regionda Azərbaycanın müstəqil oyunçu, hətta oyunqurucu kimi irəli çıxmasında İsraillə isti münasibətlərimizin yetərincə böyük rolu var. Amma elə Prezidentin köməkçisinin də anlatdığı kimi, ən böyük missiya, funksiya, rol özümüzə- xalqımıza, dövlətimizə, liderimizə məxsusdur.
Yeri gəlmişkən, açıq deyim, mən çox məmnunam ki, dövlət başçısı Hikmət Hacıyevin timsalında gənc, enerjili, savadlı, dövlət ədəbini qısa müddətdə dərindən mənimsəmiş bir kadra təkcə xarici siyasətlə bağlı yox, həm də Azərbaycan ictimai fikir müəssisəsində görəv verib. Azərbaycanın strateji maraqlarının ictimai rəyə transformasiya edilməsi, Azərbaycanlı düşüncəsinin qorunması və inkişafı üçün Hikmət Hacıyevin bir funksioner kimi ali ideoloq İlham Əliyevin tövsiyyə və tapşırıqlarını uğurla yerinə yetirməsi son nəticədə Azərbaycançılıq konsepsiyasının həm daxili siyasətdə, həm də beynəlxalq münasibətlər sferasında daha təsirli bir platformaya çevrilməsinə töhfə verir.
Azərbaycan, sadəcə, yeni və müstəqil bir dövlətin adı deyil. İlk növbədə unikal mədəni- siyasi coğrafiya, bu coğrafiyada xalq kimi bütünləşmiş etnik çoxluğun və azlıqların tarixi vəhdətini təcəssüm etdirən məfkurədir. Azərbaycançılıq məfkurəsinin məmləkətimizi Soyuq Savaşdan sonrakı dönəmdə geopolitik təsir və təzyiqlərdən qoruyacaq bir düşüncə qalası olduğunu Ulu Öndər Heydər Əliyev əsl müdriklik və uzaqgörənliklə fərq etmişdi. Odur ki, yeni dövlətimizin banisi Azərbaycançılığı yalnız dövlət quruculuğunun deyil, eyni zamanda, milli identikliyin əsaslarını yaradan, Azərbaycan xalqının və dövlətinin unikal dəyərlər məcmusu- fəlsəfi-siyasi doktrina kimi formalaşdırdı. Bu doktrinanın milli kimliyin qorunması, milli həmrəyliyin, multikultural tolerantlığın inkişafı, beynəlxalq araneda təmsilçilik kimi əsas məqsədləri tarixi şüurumuz və modernist fəlsəfəmiz əsasında sistemləşir. Tarixi şüur və modernist fəlsəfədən güc alan Azərbaycançılıq xalqımızın keçmişinə, düşüncə kodlarına sahib çıxmaqla gələcəyə yönələn strateji planlarımızı müstəqil, hüquqi, dünyəvi, unitar dövlətçilik modeli ilə gerçəkləşdirməyi ehtiva edir.
Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının Baş redaktoru