DİM, dım-dım halvası və Kembric ensiklopediyası

Dünən İTV-nin "Sabaha saxlamayaq" verilişində Dövlət İmtahan Mərkəzinin (DİM) qəbul imtahanları i̧lə bağlı tərtib etdiyi suallara dair müzakirə aparılıb. Verilişdə DİM-in departament müdiri Natiq Əliyev, tarix müəllimləri Sərvər Rüstəmov, 102 saylı məktəbin tarix müəllimi Ruslan Rzayev və Atatürk Liseyinin tarix müəllimi Tural Əhmədov iştırak edirdi.

Ruslan Rzayev haqda məlumatlarınızı yeniləmək lazımdır: O, "bunker müəllimi"dir və tarix fənni üzrə son qəbul imtahanlarının suallarının hazırlanmasında birbaşa iştırak etdiyi bildirilir. Açıq internet resurslarında yer alan məlumatlara görə, abituriyentləri ali məktəbə, müəllimləri işə qəbula hazırlayır. Yəni, cənab Rzayev repetitordur.

Verilişin yutubda yayımlanan versiyasının 23-cü dəqiqəsində opponentlərinin Məhəmməd Tahir Vəhid Qəzvininin II Şah Abbasın vəziri olmasını nə dərsliklər, nə də tarixi tədqiqatlar və qaynaqlar üzrə sübut edə bilməyən repetitor- testoloq Kembric ensiklopediyasına istinad etdi. Kembric ensiklopediyasında da barəsində DİM-in keçirdiyi imtahanlarda sual salınmış Vəhid Qəzvininin II Şah Abbasın vəziri olması barədə bir bilgi yoxdur. Zabil Bayramlının tədqiqatlarına görə, Vəhid Qəzvini II Abbas dövründə əvvəlcə məclisnəvis (şahın fərmanlarını və s. hazırlayan katib), daha sonra vaqiyənəvis (inşa divanı katibi) vəzifələrində çalışıb. Beləliklə, Məleykə Abbaszadənin ağız dolusu danışdığı “testologiya”nın abituriyentləri gətirdiyi vəziyyətə baxın. DİM-in imtaha saldığı suallara cavab vermək üçün 17 yaşında cocuqlar:

1. Orta məktəb dərsliklərini;
2. AMEA-nın tədqiqatlarını;
3. Kembric ensiklopediyasını ələk-vələk etməlidirlər.

Bütün bunlar da kifayət deyil. Əgər testlərdə səhv çıxarsa, Məleykə Abbaszadənin testoloqlarının üzə dirənmək üçün başqa cavabları da var: “Tarix dəqiq elm deyil”!

Mark Blokun tarix elminin metodologiyası ilə bağlı çalışmalarından sual salmayıblarsa, sevinək gərək bu məqamda.
Bəli, dostlar, məsələ əndazədən çıxıb, həm də çox çıxıb.

DİM-in ölkənin ali təhsilə qəbul siyasətinin əsas konturlarını anlaşılmaz tapmacalar üzərinə qurur. Orta məktəb dərslikləri dövlətin rəsmi təhsil siyasətini əks etdirən əsas mənbələrdir. Soruşuruq: Səfəviləri “İran dövləti” kimi təqdim edən Kembric ensiklopediyası dövlətin tədris və qəbul proqramının bir hissəsinə nə vaxtdan çevrilib?

Deyəndə ki, DİM rəhbərliyi hüquq-mühafizə orqanları tərəfindən sorğulanmalıdır, bu tələbimizi haqlı saymayanlar olur. Dövləti dövlət edən orta təbəqənin, milləti millət edən gəncliyin açıq-aşkar əsəbləri ilə oynayır DİM. Bu, sorğulanmamalıdırmı?

Bu sualın cavabını zamana buraxaq və gəlin, birlikdə test işləyək.

Sual: DİM, dım-dım halvası və Kembric ensiklopediyası arasında hansı oxşarlıq var?

a) Hər üçü abituriyentlərin həyatını şirinləşdirir- biri biliklə, biri şəkərlə, biri isə tapmaca ilə;

b) Dım-dım halvasının hazırlanma üsulu ilə Kembric ensiklopediyasının və DİM testlərinin hazırlanma üsulu eynidir;
c) II Şah Abbas dövründəki dım-dım halvasının DİM-in ehsanı olması Kembric ensiklopediyasının redaksiya heyətinin ən böyük arzusudur;
d) DİM-in testoloqları dım-dım halvasının Kembric ensiklopediyasına salınması üçün oxşar cəhətləri hələ tapmayıblar.

Qeyd: Doğru cavabı çox gözləyərsiniz!

Taleh ŞAHSUVARLI