- Toplum
- 16:41
- 1 442
Məktəbəhazırlıq qruplarının əhəmiyyəti: Uşaqların təhsilə uğurlu başlanğıcı üçün ilk addım

Bakı şəhərində 2025–2026-cı tədris ili üçün məktəbəhazırlıq qruplarına qəbul prosesi davam edir və artıq 20 mindən çox uşaq bu qruplara qəbul olunub. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilalanlarla iş sektorunun məsləhətçisi Sənarə İsmayılova məlumat verib. O bildirib ki, məktəbəhazırlıq qruplarına qeydiyyat üçün 2020-ci ilin yanvarın 1-dən dekabrın 31-dək anadan olan, yəni 5 yaşı tamam olmuş uşaqlar müraciət edə bilərlər. Valideynlər sentyabrın 1-dən 30-a qədər müvafiq sənədləri aidiyyəti təhsil müəssisələrinə təqdim etməklə qeydiyyat prosesini tamamlaya bilərlər.
Məktəbəqədər hazırlıq qrupları uşaqların təhsil həyatında olduqca vacib mərhələ hesab olunur. Bu mərhələ uşaqların məktəb mühitinə psixoloji və intellektual cəhətdən uyğunlaşması, sosial bacarıqlar qazanması və öyrənmə prosesinə maraqla yanaşması üçün əsas baza yaradır. Məktəbəqədər hazırlıq həm də uşaqlarda nitq bacarıqlarının inkişaf etdirilməsinə, məntiqi düşüncə qabiliyyətinin formalaşmasına və elementar riyazi biliklərin mənimsənilməsinə töhfə verir. Bu dövrdə uşaqlar oxumaq və yazmaq üçün ilkin hazırlıqlar, dinləmək və diqqət toplamaq vərdişləri ilə tanış olur, həmyaşıdları ilə ünsiyyət qurmaq bacarığı qazanır və öz fikirlərini sərbəst ifadə etməyi öyrənirlər.
Təhsil mütəxəssisləri hesab edir ki, uşağın sistemli tədrisə başlaması üçün ən ideal yaş 5-6 yaş aralığıdır. Bu dövrdə uşaqlar həm emosional, həm də psixoloji baxımdan öyrənməyə daha açıq olur, yaddaş, diqqət və müşahidə qabiliyyətləri daha aktiv inkişaf edir. Elə bu səbəbdən də məktəbəhazırlıq mərhələsi uşağın gələcək uğurlu təhsil həyatı üçün möhkəm təməl hesab olunur. Məktəb həyatına yumuşaq keçid kimi dəyərləndirilən bu mərhələdə iştirak edən uşaqlar adətən birinci sinifdə daha inamlı, sosial baxımdan daha çevik və öyrənməyə daha həvəsli olurlar. Bu da onların məktəbdə qarşılaşa biləcəyi adaptasiya çətinliklərini minimuma endirir və uğurlu başlanğıc üçün şərait yaradır.
AzNews.az