Argentinalı futbolçunun olduğu təyyarə yoxa çıxdı

Təyyarədə Emiliano Saladan başqa daha bir nəfərin olduğu bildirilir.

Göyərtəsində argentinalı futbolçu Emiliano Salanın olduğu təyyarə La-Manş rayonunda yoxa çıxıb.

Interfax informasiya agentliyinə istinadla xəbər verilir ki, yanvarın 21-i axşam saatlarından başlayan axtarış-xilasetmə əməliyyatı hələlik heç bir nəticə verməyib. Hazırda xilasedicilər təyyarənin axtarışını davam etdirirlər.

Futbolçu yüngül mühərrikli “Piper Malibu” təyyarəsi ilə Fransadan Böyük Britaniyaya uçurdu. Təyyarədə Emiliano Saladan başqa daha bir nəfərin olduğu bildirilir.

Qeyd edək ki, ötən həftə 28 yaşlı argentinalı futbolçu Fransanın “Nant” klubundan Uelsin “Kardiff-Siti” klubuna transfer olmaq üçün müqavilə imzalamışdı. Sövdələşmənin qiyməti 15 milyon funt sterlinq məbləğindədir. (Azərtac)